Daşlarla danışan rəssam
Ölkəmizdə sənətkarlar diyarı kimi tanınan Şəkiyə ayaq basan qonaqların görmək istədikləri məkan əvvəllər yalnız Şəki Xan sarayı idisə, sonralar bu sıraya el sənətinin müxtəlif növlərini yaşadan sənətkarların emalatxanaları da əlavə olunub. Onlardanbiridə rəssamTahirHəmidlininemalatxanasıdır.
Otuzilə qədərbirmüddətdə AzərbaycanRəssamlar İttifaqının Şəki şöbəsinə rəhbərlikedənTahirHəmidlihəmkarları arasındayeniliyə meyilliyaradıcı kimitanınıb. O, sənətə fərqlimünasibətiadi çaydaşları üzərində yaratdığı rəngkarlıqnümunələriilə nümayiş etdirib. Etirafedəkki, buyenilikmüstəqillikdövrü incəsənətimizdə önəmlibədiihadisələrdəndir.
Qənaətimizcə, onun rəngkarların işlətdiyi ənənəvi kətanı adi çay daşının səthi ilə əvəzləməsinin kökündə bu bərk materialın təsviri sənətdən daha çox dekorativ-tətbiqi sənəti ilə yaxınlığı dura bilərdi. Bu da, əslində, Şəki bədii sənətkarlığını səciyyələndirən estetikanı daşla əlaqələndirməklə, iki – rəngkarlıq və dekorativ-tətbiqi sənət kimi sahələri uğurla bir araya gətirmək cəhdi idi.
Həmin çoxsaylı nümunələrlə tanışlığın qarşılığında deyə bilərik ki, Tahir Həmidlinin rəngkarlıq sahəsinə gətirdiyi bu yenilik beynəlxalq miqyasda çox maraqla qarşılandığından müəllif üçün həm də ruhlandırıcı amilə çevrildi. Rəssamın əsasən Azərbaycan, xüsusilə də Şəki memarlığını əks etdirən əsərlərinin dünyanın bir çox məşhurlarının kolleksiyasını bəzəməsi də bu “daş tablo”ların zəngin estetik dəyər daşıyıcısı olduğunu təsdiqləyir. Bu yerdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2011-ci ildə Şəkiyə səfərinin sonunda həmin əsərlərdən birinin ona hədiyyə olunduğunu da qeyd etməyə ehtiyac duyduq.
Sənət xiridarlarının Tahir Həmidli haqqında söylədikləri “daşlarla danışan rəssam” deyimində onun soyuq daş parçasına, sözün əsl mənasında, “can” vermək bacarığını vurğulamaq istəyi durur. Doğrudan da, onun müxtəlif çalarlı daşların fakturasını çəkdiyi mənzərələrin koloriti ilə ustalıqla əlaqələndirməsində bənzərsiz olduğunu deyə bilərik. Bu gün Şəkiyə ayaq basan və Tahir Həmidlinin emalatxanasını ziyarət edən əcnəbi turistlərin oradan əliboş çıxmamaları da heç şübhəsiz, rəssamın təsvirli daşları unikal ərməğan nümunəsinə çevirə bilməsi ilə bağlıdır.
Əvvəlcə Bakıda, sonra isə Daşkənddə xüsusi ixtisas təhsili alan sənətkarın yaratdıqları əcdadlarımızın qədim Qobustanda qayalar üzərində cızdıqları təsvirlərin, onların ifadə metodunun yaradıcılıqla davam etdiriliməsi – dünyaya monoxrom baxışın polixrom dərklə əvəz olunması deməkdir. Əgər qaya rəsmlərinin cəlbediciliyini cizgi “yeknəsəkliyi”ndən qaynaqlanan özünəməxsus estetika şərtləndirirsə, Tahir Həmidlinin “daş kətan”dan boylanan təsvirlərində bədii tutumun ecazkarlığı rənglərin bərk materialla uğurlu qovşağı ilə yaranıb.
Bu mənada ilk dəfə 2004-cü ildə bu sahədə davamlı təcrübələrinin uğurlu nəticələrini ictimailəşdirən Tahir Həmidlini həm də Azərbaycan daş rəngkarlığı kimi yeni bir sahənin yaradıcısı hesab etmək olar. Əlavə edək ki, əgər istifadə etdiyi material həmin nümunələri nə qədər dekorativ-tətbiqi sənətə yaxınlaşdırırsa, təsvirlərin rənglə gerçəkləşməsi onu birmənalı olaraq rəngkarlığa qovuşdurur. Əslində, istifadə olunan səthdən asılı olmayaraq rəssamın yaratdıqlarını bilavasitə rəngkarlığa aid etmək çox düzgün və məntiqlidir. Bu yerdə xatırladaq ki, Orta əsrlərin məşhur sənətkarlarından başlayaraq bu günümüzə kimi rəssamların müxtəlif nəsilləri bərk materiallar üzərində, o cümlədən taxta səth üzərində rəngkarlıq əsərləri yaratmaqdadırlar.
Tahir Həmidlinin daş rəngkarlıq nümunələri müxtəlif ölçülüdür. Başqa sözlə desək, onun üçün ölçü məhdudiyyəti yoxdur. Ən başlıcası həmin daşların ona xoş gəlməsidir. Oğlu Əhmədin də yaxından iştirak etdiyi həmin axtarışların nəticəsi olaraq toplanan daşlarda rəssamın bu vaxta qədər bədiiləşdirdiyi ən kiçik ölçü 10 sm, ən böyüyü isə 200 santimetrdir.
Qrafika sahəsində ali təhsil alan və düşüncələrini əvvəllər daha çox kağız üzərində ağ-qara cizgilərlə ifadə etməyə üstünlük verən rəssamın “daş sevgisi”nin özünəməxsus tarixçəsi vardır. Özü bu barədə belə deyir: “Daş üzərində əsərlər yaratmaq fikrinə tam təsadüf nəticəsində gəlmişəm. Şəkidəki küçələrin birindən keçəndə qarşıma çox cəlbedici bir daş çıxdı. Onun qəribə rəngi və fakturası mənə çox cəlbedici göründü. Mən də çoxlarına adi görünə biləcək bu tündrəngli daşı kətan kimi təsəvvür etdim və içimdə onun üzərində bir Şəki mənzərəsi yaratmaq istəyi yarandı. Ölçü etibarilə o qədər də böyük olmayan bu daşı emalatxanama gətirdim və az sonra üzərində Şəki memarlığını səciyyələndirə biləcək bir mənzərə işlədim. Həmin daş tablonu emalatxanamda saxladım. Günlərin bir günü emalatxanama gələn və qrafika əsərlərimlə maraqlanan bir amerikalı turist bu daşı məndən almaq istədiyini bildirdi. Təklif çox gözlənilməz idi. Düzü, apardığım eksperimentlərin bu uğurlu nəticəsi ilə kiminsə nə vaxtsa maraqlanaçağını düşünməmişdim. Odur ki, indiki halda çıxılmaz vəziyyətdə qalmışdım. Amerikalıya nə deyəcəyimi bilmirdim. Sükutu onun özü pozdu və “daş mənzərə”ni ona 50 dollara satmağımı təklif etdi. Onun təklifinə “yox” deyə bilmədim və beləliklə, bu sahədə ərsəyə gətirdiyim ilk əsərim uzaq Amerikaya getdi. Əslində, bu hadisə həm də mənim sonrakı yaradıcı taleyimi həll etmiş oldu. Həmin gündən yaradıcılığımın inkişaf istiqaməti tamamilə dəyişdi. Obrazlı desək, o vaxtdan “çörəyim” yalnız daşdan çıxmağa başladı…”.
Elə Tahir Həmidlinin sonrakı illərdə yaratdığı “daş tablo”ların mövzu dairəsinə diqqət yetirəndə də onun bu sahəyə marağının sonsuz olduğunu görmək mümkündür. Əslində, qəribəliyi bilavasitə ifadə olunduğu materialdan görünən bu əsərlərin həm də sənətkarlar yurduna üz tutan çoxsaylı əcnəbilər üçün bənzərsiz ərməğana çevrilməsi, rəssamın onları həm də Şəkinin və onun özünəməxsus memarlığının təbliği vasitəsi kimi təqdim etməsini şərtləndirib. Şəkinin əsrarəngiz təbiəti və memarlığı, ayrı-ayrı məhəllələrin görünüşü, qədim karvansaralar, sənətkarlıq emalatxanaları və digər neçə-neçə motivlər bu daş lövhələrin əsas məna-məzmun daşıyıcılarına çevrilib. “Şəki Xan sarayı”, “Karvansara”, “Alban məbədi”, “Qədim ev”, “Kirəmitli tikili”, “Qədim küçə”, “Dağlıq məhəllədə”, “Şəkidə qış” və s. əsərlər bu qəbildəndir.
Rəssamın zəngin yaradıcılıq irsində onun zamanın axarında əsərlərinin mövzu coğrafiyasını genişləndirmək istəyi də qabarıq duyulmaqdadır. Onun qədim İçərişəhərə, eləcə də Azərbaycanın digər məşhur memarlıq abidələrinə həsr etdiyi çoxsaylı lövhələr də bunu təsdiqləyir.
Tahir Həmidlinin “daş tablo”larının estetikasını dəyərləndirməli olsaq, ilk növbədə, onun istifadə etdiyi materiala davamlı olaraq fərqli yanaşma nümayiş etdirməsini vurğulamalıyıq. Belə ki, səth kimi seçdiyi müxtəlif formalı daşların rəngini hər dəfə işləyəcəyi süjetin ümumi koloritinə uyğunlaşdıraraq ram etməsi ilə kompozisiyanın bütövlüyünə nail olan rəssam, bunun sayəsində tablonun cəlbedici və duyğulandırıcı bədii-estetik qaynağa çevrilməsinə nail olur. Onun rəngdən daşın kənarlarına doğru uzanan keçidlərdə nümayiş etdirdiyi axıcı bədii keçidlər, məntiqli harmoniya ilə əldə olunan təbiilik xüsusilə heyranedicidir. Bu yöndə tətbiq olunan çoxsaylı improvizələrin hesabına rəng oynaqlığına və forma-biçim stilizələrinə nail olan Tahir Həmidli reallığa tapınan bu ifadə üslubunda həmin klassik bədii prinsiplərin “estetik xəritəsi”ni xeyli genişləndirib.
Rəssamın “daş tablo”larının estetikasından söz açanda müəllifin kompozisiyaların ümumi koloritini daşların rənginə uyğunlaşdırmağa səy göstərdiyini xüsusi vurğulamışdıq. Amma Tahir Həmidli İkinci Qarabağ savaşındakı şanlı qələbədən sonra ərsəyə gətirdiyi yeni əsərində onun yaradıcılığında aparıcı olan və ənənəviləşən bu rəng həllini bilərəkdən pozub. Bu, “Qarabağ Azərbaycandır!” adlanan həmin əsərdə bayrağımızın gözümüzə nur, varlığımıza ruh verən üç rəngini bütün gücü-parlaqlığı ilə təsvirində ifadə olunub. Odur ki, tünd-göy yerlikdə milli dövlət atributumuz daha da cəlbedici və qürurverici görünür. Qənaətimizcə, düşmən üzərində şanlı zəfərimizə həsr olunmuş bu əsərdəki şux-nikbin kolorit bu günlər hamımızın keçirdiyi ovqata tam uyğundur. Bunu rəssamın yaradıcılığında hər birimizin həyatında başlanan yeni mərhələyə uyğun məntiqli dəyişiklik saymaq olar…
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor