Mütəxəssislərin fikrincə, paytaxtımızı turizm mərkəzinə çevirmək üçün onun qədimliyini qorumalıyıq
  
   Hər bir ölkənin paytaxtı turistlər uçun cəlbedicidir və əcnəbi turist mütləq getdiyi ölkənin paytaxtına səyahət etməyə meyillidir. Ölkəmizin paytaxtı olan Bakı da bu qəbildən olan şəhərlərdəndir. Qədim tarixə, bir neçə əsrlik yaddaşı olan maddi-mədəni irsə malik olması, maraqlı relyefi onu əcnəbilərin diqqət mərkəzinə çevirib. Lakin təəssüflər olsun ki, Bakını sözun əsl mənasında turizm şəhərinə çevirmək imkanımız olsa da, bunu lazımi səviyyədə edə bilmirik.
  
   Onu da qeyd edək ki, bugünlərdə Londondakı “ECA İnternational” konsaltinq şirkəti turistlər və ezamiyyətə gedənlər üçün dünyadakı ən bahalı şəhərlərin yeni reytinqini açıqlayıb.
   Şirkətin gəldiyi nəticəyə görə, 2009-cu il üçün dünyanın nə bahalı şəhəri Anqolanın paytaxtı Luandadır. Bu reytinqin əsas nəticəsi ondan ibarətdir ki, maliyyə böhranına baxmayaraq, Asiyada yaşamaq Avropa və Amerikadan daha bahalıdır. Belə ki, Luandanın münasib ərazisində 2 otaqlı mənzilin aylıq icarə qiyməti 15 min dollar, 1 litr südün qiyməti 3 dollar, Avropadan gətirilən pendirin 200 qramı 15 dollardır. Kafedə nahar etmək isə 100 dollardan baha başa gəlir. Sonrakı 4 yeri Yaponiyanın Tokio, Naqoya, Yokoqama və Kobe şəhərləri tutur.
   Avropanın ən bahalı şəhəri Danimarkanın Kopenhagen şəhəridir. Rusiyanın paytaxtı Moskva 23-cü yerdədir.
   ABŞ-da ən bahalı şəhər Nyu-Yorkdur. Bu şəhər ən bahalı şəhərlərin siyahısında 84-cü yerdən 17-yə qalxıb.
   Müstəqil Dövlətlər Birliyi məkanında isə ən bahalı şəhər Bakıdır. Azərbaycanın paytaxtı reytinqdə 20-ci yerdədir. Keçən ilin sonunda açıqlanmış reytinqdə isə Bakı 109-cu yerdə olub.
   Qeyd edək ki, “ECA İnternational” araşdırmalarını dünyanın 270 iri şəhərində aparıb. Bu şirkətin mütəxəssisləri 125 növ xidmət və məhsulun qiymətini araşdırıblar.
   Maraqlıdır, Bakının bahalı şəhər olması turistlərin ona doğru yolunu bağlamır ki? Ümumiyyətlə, paytaxtımızı maraqlı turizm obyektinə çevirmək üçün nə etməliyik?   

   Turistlərə pul mənbəyi kimi baxmamalıyıq
  
   Turizm üzrə mütəxəssis, «Sevgün Travel» turizm şirkətinin rəhbəri Bahadur Bilalovun dediyinə görə, Bakının bahalı şəhər olması ilə bağlı xəbəri ürəkağrısı ilə oxuyub: «Ona görə ürəkağrısı ilə ki, belə xəbərlər mütləq ölkəyə turist axınına mənfi təsir edir. Dəfələrlə müxtəlif toplantılarda mütəxəssislərin, əlaqəli dövlət orqanlarının diqqətinə bu məsələni çatdırmışam ki, əgər biz ölkə prezidentinin turizmin inkişafı üçün müəyyən etdiyi kursa yardım etmək və onun həyata keçirilməsini istəyiriksə, turistlərə olan münasibətimizi kökündən dəyişməliyik. Söhbət bütün əlaqəli orqanlardan - AZAL-dan tutmuş sərhəd və gömrük, miqrasiya və polis, konsulluqlarımız, mehmanxana və restoran, nəqliyyat və turizm şirkətləri və digər aidiyyəti sahələrdə çalışanların turistlərə münasibətindən gedir. Təəssüflər olsun ki, sadaladıqlarım və adını çəkmədiyim sahələrin bütün işçiləri ölkəyə gələn turistə qonaq kimi - onun arxasınca yüzlərlə yeni qonağın gələ biləcəyi bir subyekt kimi deyil, daha çox pul - xarici valyuta qoparılması mümkün olan obyekt kimi yanaşırlar. Bunun nəticəsi olaraq da Bakı ən bahalı şəhərlərdən elan olunur».
   Son zamanlar bizdə hər şeyi Avropa standartlarına bağlamağa meylin gücləndiyini deyən mütəxəssis, nədənsə bu məsələlərdə bu standartların yada düşmədiyini bildirir. Şirkət rəhbəri deyir ki, hazırda xidməti ezamiyyətdə olduğu Bolqarıstanda gördükləri sözün əsl mənasında onu valeh edib: «Taksi xidmətindən istifadə edirsən, heç bir problem yox, sayğac nəyi göstərib onu ödəyirsən və əvəzində qəbz alırsan. Bütün nəqliyyat sistemi bu qayda ilə işləyir. Kafe-restoranlarda bir şüşə su içsən belə mütləq qəbz verəcəklər. Mağazalardan alış-veriş də bunun kimi. Yəni burada sistem elə qurulub ki, hər bir sahədə dəqiq hesabatlar aparılır. Qəbz verməyənlər isə ciddi cəzalandırılır. Qanuni ödəmələrdən başqa isə vergi orqanları obyektlərdən əlavə ödəmə istəmir və istəyə də bilməz.
   Təsəvvür edin ki, paytaxt Sofiyada və ya kurort şəhəri olan Varnada 3 ulduz hoteldə iki nəfərlik otaq 35-40 manatdır. Bundan əlavə, adambaşına 10 manat ödəməklə 240 km məsafə qət etmək üçün həyata keçirilən ekskursiyada iştirak etmək mümkündür.
   Bu, Avropa ölkəsindəki qiymətdir. Bizdəki qiymətləri isə hamımız bildiyimizdən, məncə, əlavə şərhə ehtiyac yoxdur».
  
   Öyrənəcəklərimiz çoxdur
  
   O ki qaldı Bakını turizm şəhərinə çevirməyimizə, mütəxəssisin fikrincə, bunun üçün imkanlarımız böyük olsa da, həmin imkanlardan yararlana bilmirik: «Götürək elə Bakının yaraşığı, onun vizit karti olan İçərişəhəri. Ölkə rəhbərliyi səviyyəsində qadağalar olmasına baxmayaraq, buranın əvvəlki görkəmindən əsər-əlamət qalmayıb. Və yaxud, dünyanın heç bir şəhərində, tarixi-memarlıq binalarının sökülərək yerində müasir göydələnlərin tikilməsini görə bilməzsiniz. Bu hala ancaq Bakıda rast gəlinir. Son dövrdə hətta Nazirlər Kabinetinin tarixi abidələr siyahısında adı olan nə qədər binaların izsiz yoxa çıxdığı hamımıza məlumdur».
   Mütəxəssis bildirir ki, bizə mane olan ikinci məsələ paytaxtımızda ucuz qiymətli hotellerin olmamasıdır: «Bakı şəhərində fəaliyyət göstərən hotellerin, demək olar ki, hamısı biznes turistlər uçun nəzərdə tutulub. Təbii ki, «Əsrin müqaviləsi» imzalandıqdan sonra ölkəmizə işlə bağlı gələn biznes turistlərin sayı artıb. O səbəbdən də hotellərin hamısı həmin turistlərlə işləməyə üstünlük verdiyindən qiymətlər digər ölkələrdən xeyli baha olur. Yenə də təəssüflə qeyd etməliyəm ki, bizim sahibkarlar nəzərə almırlar ki, ölkəyə biznes turistlərdən başqa həm də mədəni turizm həvəskarları - yəni ölkənin tarixi və mədəniyyəti ilə tanış olmağa gəlmək istəyənlər də var. Təbii ki, mövcud hotel qiymətləri həmin turistlərin ölkəmizə deyil, qonşu dövlətlərə üz tutmasına gətirib çıxarır. Moskva meri Y.Lujkov Moskva şəhərinə bu tipli turistləri cəlb etmək üçün yaxın illərdə Moskvada 100 3 ulduz hotel tikilməsinə sərəncam verib. Sual olunur: Bakı Şəhər İcra Hakimiyyəti, ümumiyyətlə Bakının turizm mərkəzinə çevrilməsi üçün hansı işləri görür?»
   Bahadur müəllimin fikrincə, əslində aidiyyəti qurumlarda çalışan hər bir məmur düşünməlidir ki, necə etmək olar ki, ölkəyə gələn əcnəbi turistlərin sayı artsın: «Amma bizdə tam əksi baş verir. Bugünlərdə mətbuatda belə bir məlumat getdi ki, Binəqədi polisi rayon ərazisindəki neft buruqlarının şəklini çəkən əcnəbi turistləri həbs edib. Bu insanlar nə hərəkət etdiklərinin fərqindədirlərmi? Neft quyusu nə zamandan strateji obyekt olub? Neft şəhəri Bakıya gələn əcnəbi ömründə ilk dəfə neft buruğunu görür və onu geri qayıdanda dost-tanışına göstərmək üçün fotosunu və ya tutalım videosunu çəkirsə, burada nə qəbahət iş var? Bir daha təkrar edirəm, ölkəyə gələn hər bir turistə ayrı-ayrı fərdlər üçün pul dağarcığı kimi deyil, dövlət xəzinəsinə gəlir ödəyən bir vasitə kimi yanaşmaq lazımdır. Belə olarsa hər bir şəxs dərk edər ki, ölkəyə gələn turistlərin sayı nə qədər çox olarsa, dövlət büdcəsinə daxilolmalar artar, bu isə dövlətin iqtisadi qüdrətinin artmasına gətirib çıxarar».
   Haşiyə: Bu yerdə qeyd etmək lazımdır ki, xarici ölkələrdə hətta dövlət əhəmiyyətli strateji obyektlərin şəklini çəkmək istəyən turistə polis və ya həmin obyektin mühafizəçisi tərəfindən sadəcə çox nəzakətlə xəbərdarlıq edilir.
  
   London nümunəsini tətbiq etməli
  
   Tez-tez xarici ölkələrdə səfərdə olan «Bakı tur» turizm şirkətinin rəhbəri Fayis Məmmədov da deyir ki, paytaxt şəhərlərin qədimliyinin qorunub-saxlanması həmin şəhərə turistlərin marağını artırır: «Bildiyiniz kimi, Böyük Britaniya dünyada turizmdən ən çox gəlir götürən ölkədir. Bunun bir səbəbi də burada haqqında danışdığımız fakta olduqca həssas yanaşılmasıdır. Mənim bir turist kimi diqqətimi cəlb edən paytaxt Londonun qədimliyinin qorunub-saxlanılmasıdır. Şəhərin içərisində demək olar ki, bütün binalar qədimi binalardır, bir dənə də yeni bina tikilmir. Hətta bizim qaldığımız hotel dördulduzlu hotel idi. Hotelin binası çox qədimdə inşa edilib və olduğu kimi də qalıb. Təsəvvür edin ki, binanın pəncərələri XIX əsr üslubunda olduğu kimi aşağıdan qaldırılırdı. Hotel rəhbərliyi buna da toxunmamışdı. Şəhərdə yerləşən tarixi abidələr də həmçinin. Onların hamısı əvvəlki görünüşündə idi. Yalnız bu abidələri çox yaxşı bərpa ediblər. Məncə, bizim Londondan bu baxımdan götürməli olduğumuz çox şeylər var. Çünki Bakıda arxitektur cəhətdən turistlərin diqqətini cəlb edən tarixi binalar bir ucdan dağıdılır, yerində müasir tipli yüksəkmərtəbəli binalar inşa edilir. Bu da turistlərə təqdim etmək üçün nəzərdə tutulan ekskursiya obyektlərinin sayını azaldır».
  
   Fəxriyyə ABDULLAYEVA