Respublika Gənclər Kitabxanası sosial şəbəkə istifadəçilərini Vətən müharibəsinin qəhrəmanları, cəsur əsgərləri ilə tanış etmək məqsədilə silsilə canlı yayımları davam etdirir.

Kitabxananın əməkdaşı Günay Həsənovanın aparıcılığı ilə 22 dekabrda gerçəkləşən növbəti canlı yayımın qonaqları qazilər Samir Məmmədov və Elnur Əkbərov olub.

Samir Məmmədov Gülüstan, Talış kəndi, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirakından, müharibə təəssüratından, yaralanmasından söhbət açıb. 16 saat döyüş bölgəsində yaralı vəziyyətdə qalan igidimiz qəhrəman silahdaşlarının sayəsində döyüş ərazisindən çıxarılaraq, əvvəlcə Naftalana, Gəncəyə, sonradan Bakıya göndərilməsindən danışıb. Döyüş yoldaşı Arazın da yaralı olmasına, çoxlu qan itirməsinə baxmayaraq onu yaralı vəziyyətdə qoymayaraq, həyatını xilas etməsini Samir böyük minnətdarlıq hissi ilə xatırlayıb.

Vətən müharibəsinə könüllü olaraq qatılan Elnur Əkbərov Fizuli istiqamətində döyüşlərdə iştirak edib, qolundan və ayağından yaralanaraq qazi olub. Elnur müharibədə iştirak etməyin, illərlə düşmən əsarəti altında olan Azərbaycan torpaqlarının azad edilməsinin özü üçün şərəf, fəxarət olmasını qeyd edib. Qazi onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarını böyük ehtiramla yad edib. Sərda İsmayılov, Tural Dəmirçiyev kimi qəhrəman Azərbaycan oğullarının adını çəkərək bu qələbənin onların və onlar kimi yüzlərlə şəhidin sayəsində qazanıldığını söyləyib.

Vətən müharibəsi qaziləri  Samir Məmmədov və Elnur Əkbərovun iştirakı ilə keçirilən canlı yayıma bu link vasitəsilə baxmaq olar:

https://www.instagram.com/tv/CJG_jSMlWZi/?igshid=go6lkx6bdxh6