Azərbaycan Bəstəklar İttifaqının təşəbbüsü ilə nəşr olunan “Bəstəkar Tofiq Bakıxanovun balet yaradıcılığı” kitabı çapdan çıxıb. Kitab görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunub.

Kitabın tərtibçisi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova, redaktoru Milli Məclisin deputatı, akademik, Rafael Hüseynov, elmi məsləhətçisi Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovadır.

Bəstəkarlar İttifaqından bildirilib ki, Tofiq Bakıxanov dahi bəstəkarımız Üzeyir Hacıbəylinin xeyir-duası ilə musiqi sənətinə gəlib, böyük bir nəslin davamçısı olaraq, ulu babası Abbasqulu ağa Bakıxanovun poeziyasından ilhamlanaraq, atası Əhmədxan Bakıxanovun muğam ənənələrinə söykənərək, böyük müəllimi Qara Qarayevin sənət prinsiplərindən bəhrələnərək, öz yaradıcılıq yolunu seçib.

Bəstəkarlar İttifaqı tərəfindən sənətkarın 90 illik yubileyini musiqi festivalı ilə qeyd etmək planlaşdırmışdı. Təəssüf ki, yaşadığımız pandemiya şəraitində bu layihəni həyata keçirmək mümkün olmadı. Nəfis şəkildə çap olunmuş “Bəstəkar Tofiq Bakıxanovun balet yaradıcılığı” kitabı anadan olmasının 90 illiyini, yaradıcılıq fəaliyyətinin 70 illiyini qeyd edən, daim fəaliyyətdə olan, öz yaratmaq enerjisi ilə çoxlarına nümunə göstərən, Azərbaycan musiqisinin inkişafı yolunda mühüm xidmətlərə malik bəstəkarın yubileyinə bir töhfədir.

Kitabda Tofiq Bakıxanovun 1960-cı illərin sonundan başlayaraq balet musiqisinə müraciəti, “Xəzər balladası”, “Xeyir və Şər”, “Şərq poeması” baletlərinin yaranma tarixi, hər tamaşa haqqında mətbuatda çıxan rəylər, tədqiqatçıların məqalələri, görkəmli şəxsiyyətlərin fikirləri, tamaşaların afişaları və fotoları əksini tapıb.

Qeyd edək ki, 2014-cü ildən başlayaraq Bəstəkarlar İttifaqı Azərbaycan bəstəkarları və musiqişünasları haqqında silsilə broşürlərin nəşri ilə bağlı layihə həyata keçirir. Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, Xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərliyi altında reallaşan layihə çərçivəsində indiyədək 70-dən artıq broşür çap olunub.