Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Acalova Fərəh Fuad qızı Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 

Fərəh Acalova 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin “beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr (fərqlənmə), 2002-ci ildə həmin ixtisas üzrə magistr (fərqlənmə), 2009-cu ildə Böyük Britaniyanın Sasseks Universitetinin (University of Sussex) İnkişaf Araşdırmaları İnstitutunun “gender və inkişaf” ixtisası üzrə magistr (fərqlənmə) pilləsini bitirib. Vyana Diplomatik Akademiyasında Avropa araşdırmaları üzrə təlim kursunun xüsusi fərqlənmə sertifikatını alıb. Nyu-York Universiteti (ABŞ) və Lund Universitetində (İsveç) beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə təlim kurslarında iştirak edib. ADA Universitetinin orta və yüksək vəzifəli diplomatlar üçün liderliyin inkişafı üzrə xüsusi təlim kursunun ilk məzunlarından biridir.

Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2002-2003-cü illərdə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasında təhsildə gender bərabərliyi üzrə ekspert kimi fəaliyyət göstərib. 2003-2007-ci illərdə ölkəmizin BMT yanında daimi nümayəndəliyində çalışıb. Həmin illərdə Sivilizasiyalararası Alyansda Azərbaycan Respublikasının iştirakı məsələlərini əlaqələndirib, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına Azərbaycanın sədrliyi dövründə təşkilatın humanitar, sosial və mədəniyyət məsələləri üzrə ekspert qrupuna sədrlik edib.

2009 və 2019-cu illərdə Azərbaycan diplomatiyasının 90 və 100 illiyi münasibətilə Xarici İşlər Nazirliyinin medalları ilə təltif olunub.

2010-cu ildə Koreya Respublikasının Gender Bərabərliyi və Aİlə Nazirliyi və Beynəlxalq Qadın İnkişafı Fondu tərəfindən “Qadın və gələcək” mükafatına layiq görülüb.

Son təyinatadək Xarici İşlər Nazirliyində Beynəlxalq insan hüquqları təsisatları ilə əməkdaşlıq idarəsinin rəis müavini vəzifəsində çalışıb.

İkinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.  İngilis, rus, fransız və ispan dillərini bilir.