Azərbaycanda informasiya texnologiyalarının tətbiqi və cəmiyyətin informasiyalaşdırılması prosesi bir sosial sifariş olaraq sürətlə davam edir. İnformasiya və biliklər cəmiyyətində informasiya və biliklər keyfiyyətcə yeni əhəmiyyət kəsb etməklə ictimai istehsalın mühüm və ən qiymətli resurslarından birinə çevrilir, insan fəaliyyətinin bütün sahələrində informasiya məhsullarının və xidmətlərinin yüksək inkişafı tələb olunur. Belə bir dövrdə bu tip yenilikləri tədris edəcək kitabların, vəsaitlərin tərtibinə böyük ehtiyac duyulur.
Respublika Gənclər Kitabxanasının “Kitabxanalar virtual məkanda” layihəsi əsasında yaradılmış mütəxəssislər qrupunun 2020-ci ildə hazırladığı sayca 5-ci nəşr –“Kitabxanalarda informasiya texnologiyaları” kitabı işıq üzü görüb. Bundan öncə bu layihə çərçivəsində 4 elmi-təcrübi vəsait – “Kitabxanalarda internet forumların keçirilməsinin metodikası”, “Elektron kitabxanalar” və “Şəhər əhalisinə kitabxana-informasiya xidmətinin təşkili”, “Kitabxana-informasiya sistemləri” adlı kitablar nəşr edilib.
Müəllifləri Azad Qurbanov, Pərviz Kazımi və Oruc Quliyev olan “Kitabxanalarda informasiya texnologiyaları” kitabı kitabxana-informasiya fəaliyyəti ilə məşğul olan oxucular, müvafiq ixtisas üzrə təhsil alan ali və orta ixtisas tələbələri üçün nəzərdə tutulub. Kitabda müxtəlif informasiya texnologiyalarının nəzəri əsaslarını, şəbəkə, multimedia, informasiya təhlükəsizliyi haqqında sadə və anlaşılan dildə məlumatlar verilib. Kitab həmçinin, Azərbaycan kitabxanalarını beynəlxalq standartlara uyğun modernləşdirmək üçün zəruri olan müvafiq proqram, texniki və informasiya təminatları ilə zəngindir.