Xəbər verildiyi kimi, Prezident İlham Əliyev dekabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 12 min 523 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlardan 431 nəfər medala ölümündən sonra layiq görülüblər.

“Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilən hərbi qulluqçuların 4-ü general-leytenant, 8-i general-mayor, 47-si polkovnik, 198-i polkovnik-leytenant, 253 nəfəri mayor, 251 nəfəri kapitan, 465-i baş leytenant, 414-ü leytenant, 9-u kiçik leytenant, 226 nəfəri leytenant, 226-sı baş gizir, 629-u gizir (miçman), 535 nəfəri kiçik gizir (kiçik miçman), 95 nəfəri baş çavuş, 320-si çavuş, 410 nəfəri kiçik çavuş, 22-si baş əsgər və 8637 nəfəri əsgərdir.

Ölümündən sonra bu medala layiq görülən 431 nəfərdən 1-i polkovnik (Həmidov Şükür Nəriman oğlu), 5-i polkovnik-leytenantdır: Cəfərov Ramiz Sübhan oğlu, Xəlilov Vidadi Vaqif oğlu, Orucov Nail Rəfail oğlu, Ramaldanov Babək Meyvəddin oğlu, Sadıqov Rəşad Xanlar oğlu.

Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalan hərbi qulluqçular sırasında həmçinin 11 mayor, 11 kapitan, 25 baş leytenant, 17 leytenant, 8 baş gizir, 42 gizir, 25 kiçik gizir, 9 baş çavuş, 22 çavuş, 11 kiçik çavuş, 1 baş əsgər və 243 əsgər var.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Vətən sağ olsun!