Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumilikdə 13 min 955 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunublar.

Onların arasında bir general-leytenant (Mirzəyev Hikmət İzzət oğlu), yeddi general-mayor (Bərxudarov Mayis Şükür oğlu, Həsənov Hikmət Hüseyn oğlu, Hüseynov Tofiq Vaqif oğlu, İslamzadə Namiq Sərəfruz oğlu, Kərimov Anar Təvəkkül oğlu, Məmmədov Zaur Sabir oğlu, Seyidov Kənan Əlihüseyn oğlu) var.

Qeyd edək ki, Füzuli rayonunun ərazisi 1993-cü ilin avqust-oktyabr aylarında (o cümlədən Füzuli şəhəri avqustun 23-də) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu rayonun Arazboyu yaşayış məntəqələrini (20-dək kənd və Horadiz qəsəbəsi) düşməndən azad etmişdi. Rayonun ərazisinin təxminən üçdə ikisi, o cümlədən Füzuli şəhəri və 60-dək kənd işğal altında idi.

2020-ci il 27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsində Füzuli rayonunun işğal altındakı bütün ərazisi, həmçinin 17 oktyabrda Füzuli şəhəri işğaldan azad edildi. Müzəffər Azərbaycan Ordusu bu istiqamətdə işğalçı qüvvələrin güclü istehkam xətlərini yararaq düşmənə sarsıdıcı zərbələr vurdu.

Füzuli rayonunun işğaldan azad edilməsi şiddətli döyüşlərlə müşayiət olunub. Bunu  “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunanların siyahısından da görmək mümkündür.

Təltif olunan 13 min 955 hərbi qulluqçudan 780 nəfəri bu medala ölümündən sonra layiq görülüb. Onların arasında 2 polkovnik, 5 polkovnik-leytenant, 9 mayor, 20 kapitan, 30 baş leytenant, 35 leytenant, 10 baş gizir, 64 gizir, 8 kiçik gizir, 7 baş çavuş, 31 çavuş, 48 kiçik çavuş və 511 əsgər var.

Vətən torpağı uğrunda canından keçən bütün ididlərimizə Allahdan rəhmət diləyirik.