Müxtəlif dillərdə nəşr olunan İRS” jurnalının Moskvada rus dilində növbəti nömrəsi çapdan çıxıb. Jurnalın 2020-ci ildə sonuncu nömrəsi Azərbaycanın İkinci Qarabağ müharibəsində şanlı qələbəsinə həsr olunub.

Nəşrin baş redaktoru Musa Mərcanlı “Otuz illik yolun qələbə ilə başa çatan sonu” adlı məqaləsində yazır ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistan qoşunlarını tamamilə darmadağın edərək 44 günlük müharibədə Qələbə qazandı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Dağlıq Qarabağ münaqişəsinin tarixi, ikinci Qarabağ müharibəsinin gedişatı barədə oxuculara ətraflı məlumat verən M.Mərcanlı qeyd edir ki, Azərbaycanın qələbəsi, sözsüz ki, regionda yeni reallığın yaranmasına səbəb olub.

Jurnalın yeni nömrəsində Azərbaycan Prezidenti İlham Əliyevin müharibənin gedişi dövründə Rusiyanın TASS və “İnterfaks” agentliklərinə müsahibələri oxucuların diqqətinə təqdim edilir. Bundan əlavə, jurnalda Rusiya Prezidentinin son bir neçə ayda Qarabağ zonasında vəziyyətlə əlaqədar verdiyi müsahibələrdən sitatlar da yer alıb.

Nəşrdə Ermənistanın hərbi əməliyyatlar zamanı Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi terror aktları barədə “Gəncə-2020. Ermənistanın dövlət terroru” başlığı altında fotoreportaj da təqdim edilib.

Sergey Krılovun “2020-ci ilin çiskinli payızı” məqaləsi Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları üçtərəfli bəyanat əsasında Azərbaycan torpaqlarını tərk edən ermənilərin qeyri-insani davranışlarına həsr olunub. Müəllif yazır ki, bu insanlar müvəqqəti yaşadıqları torpaqlarla doğmalıq hiss etmədikləri üçün özlərindən sonra həyat deyil, kül qoyub gediblər. “İşğal olunmuş torpaqlara köçürülmüş və başqalarının evlərində yaşayan insanlar əvvəl-axır bu torpaqları tərk edəcəklərini anlamalı idilər”, - deyə müəllif yazır.

Nəşrdə, həmçinin Nikolay Qoroxovun tərcüməsində Nəsib Nəbioğlunun “Xarı bülbül” şeiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun “Xudavəng alban monastırı saxtakarlıq kontekstində” məqaləsi və digər maraqlı tarixi materiallar yer alıb.

***

Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının Çin dilində növbəti nömrəsi də nəşr edilib.

Jurnalın Çin dilində budəfəki buraxılışının əsas mövzusu Qarabağdır. Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşaraq tarixi Azərbaycan ərazisində qurulmuş Qafqaz Albaniyası haqqında məqalə diqqəti cəlb edir. Qarabağ ərazisində tikilmiş alban kilsələri, onların memarlığı, bölgədə oynadığı rol geniş təhlil edilib.

Professor Tahir Əmiraslanovun Qarabağın mətbəx mədəniyyəti haqqında məqaləsində Qarabağ yeməklərinin Azərbaycanda xüsusi dadı və müxtəlifliyi ilə seçilən mətbəx olduğu qeyd olunub. Bildirilib ki, 30 ilə yaxın bir dövrdə bu daddan bir qədər uzaq düşsək də, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz işğal altındakı torpaqları azad edərək Azərbaycana Qarabağ dadını da qaytarıb.

Jurnalın bu sayında Azərbaycanın memarlıq irsi haqqında yazılar arasında Qafqazın mühüm ipəkçilik mərkəzi olan Şəki şəhərinin tarixi, memarlıq abidələri, ənənələri, sənətkarlığı, UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsi barədə məqalə də var. Həmçinin Azərbaycanın tarixi şəhəri olan, hazırda isə işğalçı ölkənin paytaxtı olan İrəvanda azərbaycanlıların tikib-yaratdıqları qala və qəsrlər haqqında yazı təqdim olunub.

“İrs” jurnalında Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə araşdırma institutunun elmi işçisi Yan Cinnin ilk dəfə 2013-cü ildə səfər etdiyi Azərbaycanın son illər ərzində yüksək inkişafının şahidi olmasına dair təəssüratları da əksini tapıb.