Gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Narmin Nəcəfli Azərbaycan bəstəkarı Adil Bəbirovun “Prelüd-skertso” əsərini səsləndirib. Pianoçu ifasını 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsinə həsr edib.

Nərmin Nəcəfli Hannover Musiqi, Dram və Media Universitetinin magistrantıdır. Professor Bernd Goetzkenin sinfində təhsil alır. Gənclər üçün Prezident mükafatının laureatıdır. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl” kitabına yazılıb.

Nərmin Nəcəfli deyib: “Müharibə başlayanda Almaniyada idim. Azərbaycandan çox uzaqda olsam da, baş verənlərin bütün ağrılarını hiss edirdim. Otağımın küncünə çəkilib, üç dildə informasiya müharibəsinə qoşuldum. O günlərdə illərdir ən yaxın dostum olan musiqi alətinə toxuna bilmirdim. Sonra dərhal Bakıya gəlməyə qərar verdim. Noyabr ayında ölkəmizin Zəfərini öz gözlərimlə gördüyüm və baş verənlərin şahidi olduğum üçün çox xoşbəxtəm...”

Nərminin səsləndirdiyi əsərin müqəddiməsi elə müharibələrin özü kimi kədərli, hüznlüdür. Lakin sonunda Azərbaycanın zəfəri kimi gur akkordlar səslənir! Bu əsərdə hər şey var: kədər, ağrı, nostalji, həyəcan, eyni zamanda Azərbaycan xalqının göstərdiyi mübarizə, qətiyyət, xarakter, cəsarət ruhu, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qazandığı qələbə...

Qeyd edək ki, musiqi əsərinin ekran variantının üzərində peşəkar yaradıcı qrup işləyib. Layihənin rejissoru Ramil Ələkbərov, operatoru Orxan Qurbanov, montajçısı Anar Bəxtiyaroğlu, səs rejissoru Tural Məmmədli, prodüseri Elnur Cəbrayılov, rəhbəri Abbas Quliyevdir.

İfanı bu linkdən dinləmək olar:

https://youtu.be/L1lBOWx46q4