Köhnə ilin yükü Yeni il “səyahət”inə imkan vermir
Bağlanmış restoranlar, bərbərxanalar, konsert zalları, komendant saatı, hərəkət və insanların bir məkanda toplaşması ilə bağlı məlum məhdudiyyətlər və s. – Avropa ölkələri Milad bayramını bu şəraitdə qeyd etdi. Yeni il tətilini ənənəvi olaraq müxtəlif gur məkanlarda, dağ-xizək kurortlarında keçirməyə öyrəşmiş avropalıların istəyi də pandemiya üzündən bu dəfə qursaqlarında qaldı.
Ümumiyyətlə, Avropanın əksər ölkələri turizm və səyahətlər üçün qara il olmuş 2020-dən sonra yeni bir səhifə açmağı planlaşdırsa da, bunun konkret olaraq nə vaxtdan başlayacağı bilinmir. Ən azı yanvar ayında bunun mümkün olmayacağı yəqindir.
Bu arada bir sıra ölkələr səyahət biznesini necə təşviq etmək (daha doğrusu, dirçəltmək) barədə düşünürlər.
Dünyanın ən cəlbedici turizm məkanlarından olan Venesiya şəhərinin rəhbərliyi bu il qüvvəyə minməsi nəzərdə tutulan turizm vergisinin tətbiqini 2022-ci ilə qədər təxirə salmaq barədə qərar qəbul edib. Qərarın pandemiya ilə əlaqədar yaranmış vəziyyətlə bağlı turist axınının bərpası məqsədilə verildiyi bildirilir. Bu ilin əvvəlində Venesiyaya gələn hər turistdən 10 avro vergi tutmaq planlaşdırılmışdı.
Təbii ki, pandemiyanın yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül Azərbaycanda da özünü göstərir. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci ilin 11 ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 4,5 dəfə azalıb. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, başa çatan ilin yanvar-noyabr aylarında Azərbaycana 756,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə az əcnəbi vətəndaş gəlib.