Paytaxtımızın mərkəzi küçə və meydanlarında, o cümlədən mədəniyyət ocaqlarının yanında gördüyümüz bu afişa sütunlarında şəhərin mədəni həyatının ən son yeniliklərini, teatrlarda cari repertuar və premyeralar, konsert zallarında nümayiş olunacaq proqramlar, muzey və sərgi salonlarının təqdimatları, Bakıya təşrif buyuracaq ifaçı və kollektivlərin qastrol proqramı və daha nələr haqqında məlumatları görməyə öyrəşmişdik.
Lakin məlum pandemiya ilə bağlı artıq neçə aydır, teatr-konsert müəssisələrinin, digər mədəniyyət ocaqlarının fəaliyyəti faktiki dayandığı kimi, bu sütunlarda da afişalar yenilənmir və əksəriyyətinin yeri boş qalmışdı. Amma bu payız həyatımıza mədəniyyət, incəsənət sarıdan yeniliklər gətirməsə də, elə bir tarixi hadisə bəxş etdi ki, dəyəri ölçüyə gəlməz.
Azərbaycanın müstəqillik salnaməsinə yazılan şanlı qalibiyyət – 30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarının azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi təkcə dövlətçilik tariximizdə deyil, eyni zamanda mədəniyyət tariximizdə yeni bir dövrün – intibahın başlanğıcıdır.
Düzdür, düşmən işğal etdiyi torpaqlarda söküb-dağıtmadığı bina, tarixi tikili, abidə, yağmalayıb-talan etmədiyi mədəniyyət ocağı qoymayıb. Amma bu torpaqlar artıq azaddır, bizimdir. Biz o yerlərə həyatı, mədəniyyəti qaytaracaq, o torpaqlarda xalqımızın söz-sənət irsini bərpa edəcək, mədəniyyət ocaqlarını yenidən tikib-quracağıq.
Bu günlər paytaxtın küçə və meydanlarındakı məlumat sütunları da Qarabağda – tarixi yurd yerlərimizdə tezliklə başlanacaq mədəni dirçəlişin müjdəsini verən infoqrafika-afişalarla bəzədilib: “Biz bərpa edəcəyik!”.