Vətən müharibəsinin adı əfsanəyə çevrilmiş şəhidlərindən olan gizir Xudayar Yusifzadənin ifasında ikinci həyat qazanmış “Vətən yaxşıdır” təsnifi Beynəlxalq Muğam Mərkəzi (BMM) solistlərinin ifasında yeni təqdimatda muğamsevərlərə təqdim edilib.

BMM-dən bildirilib ki, gənc xanəndələr Kamilə Nəbiyeva, Almaxanım Əhmədli və İlkin Əhmədovun Xudayarın ifası ilə virtual duet şəklində oxunan təsnifə yeni sözlər də yazılaraq əlavə edilib. İfaçıları Rəşad İbrahimov (tar), Ceyhun Muradov (kamança) və Amil Musatafayev (nağara) müşayiət edib.

Qeyd edək ki, “Vətən yaxşıdır” təsnifinin musiqisi ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” adlandırılıb. BMM-in layihəsi üçün təsnifə əlavə mətni şair Vüqar Əhməd yazıb.

Təsnifin audiovizual variantı ilk dəfə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində radio dalğalarında və sosial şəbəkələrdə səslənəcək.

Yeni ilin əvvəlində BMM TV studiyası təsnifin videoklipini də ictimaiyyətə təqdim edəcək.

Layihə Xudayar Yusifzadənin timsalında doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinə həsr edilib.