Azərbaycan

27 dekabr 1912 – Əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Talıb qızı Kazımova (1912-1984) anadan olub. “Fətəli xan”, “Telefonçu qız” və başqa filmlərin 2-ci rejissoru olub.

27 dekabr 1932 – Xalq artisti, tanınmış bəstəkar Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 – 9.8.2010) Astara şəhərində doğulub. 200-dək mahnının, tamaşalara musiqinin, “Şəhidlər” simfoniyası və s. əsərlərin müəllifidir.

27 dekabr 1934 – Xalq rəssamı, heykəltəraş, Dövlət mükafatları laureatı İbrahim İsmayıl oğlu Zeynalov (1934 – 6.3.2008) Bakıda doğulub. İmadəddin Nəsimi (T.Məmmədovla birgə), Şah İsmayıl Xətai (Z.Mehdiyevlə birgə) və b. görkəmli şəxsiyyətlərin abidələrinin həmmüəllifidir. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru işləyib.

27 dekabr 1938 – Xalq artisti Səfurə Ağabala qızı İbrahimova (1938 – 21.12.2020) Bakıda anadan olub. Milli Dram Teatrında çalışıb. “Sevil”, “Arşın mal alan”, “Qatır Məmməd”, “Alma almaya bənzər”, “Dərviş Parisi parladır”, “Qayınana” və s. filmlərdə çəkilib.

 

28 dekabr 1918 – Şair, tərcüməçi İbrahim Kəbirli (İbrahim İsmayıl oğlu İbrahimov; 1918-1995) Tərtər rayonunun Kəbirli kəndində anadan olub.

28 dekabr 1920 – Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, akademik Firudin Qasım oğlu Köçərli (1920 – 3.6.2005) Gədəbəy rayonunun İsalı kəndində doğulub.

28 dekabr 1927 – Əməkdar incəsənət xadimi, bəstəkar Nəriman Həbib oğlu Məmmədov (1927 – 6.4.2015) Naxçıvan şəhərində doğulub. Əsərləri: “Şeyx Sənan” baleti, “Hüseyn Cavid” simfoniyası və s.

28 dekabr 1937 – Ədəbiyyatşünas alim, professor Əliyar Qurbanəli oğlu Səfərli (1937 – 4.1.2017) Ordubad rayonunun Anabad kəndində doğulub.

28 dekabr 1941 – Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 – 30.8.2000) Ağdam rayonunun Çəmənli kəndində doğulub. “Anama layla”, “Sevgi borc verilməz”, “Haqqa pəncərə” və s. kitabların müəllifidir. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991-2000) olub.

28 dekabr 1968 – Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 – 1968) vəfat edib. Akademik Dram Teatrında çalışıb, filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

29 dekabr 1921 – Xalq yazıçısı, filologiya elmləri doktoru Əzizə Məmməd qızı Cəfərzadə (1921 – 4.9.2003) Bakıda anadan olub. S.Ə.Şirvani, A.Səhhət, Xətai və başqa görkəmli şəxsiyyətlər haqqında tarixi romanların müəllifidir.

29 dekabr 1924 – Əməkdar artist Sadıq Ömər oğlu Hüseynov (1924-2003)  Kürdəmir rayonunun Atakişili kəndində doğulub. “Axırıncı aşırım”, “Mən ki gözəl deyildim” və s. filmlərdə  çəkilib.

29 dekabr 1929 – Tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Püstəxanım Əzizağa qızı Əzizbəyova (1929 – 8.1.1998) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru olub.

29 dekabr 1929 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Kamil Nəcəf oğlu Nəcəfzadə (1929 – 29.9.2011) Lənkəranda doğulub. “Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Qanlı zəmi” və s. filmlərin quruluşçu rəssamı olub. Tamaşalara bədii tərtibat verib.

29 dekabr 1944 – Əməkdar incəsənət xadimi, yazıçı-publisist Sara Oğuz (Sara Mollaçı qızı Nəzirova; 1944 - 22.6.2014) Oğuz rayonunda anadan olub.

29 dekabr 1946 – Tanınmış şair Nüsrət Yusif oğlu Kəsəmənli (1946 – 17.10.2003) Qazax rayonunun Kalininkənd kəndində anadan olub. Şeirlərinə mahnılar bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. “Azərbaycanfilm”də baş redaktor işləyib.

 

29 dekabr 1951 – Əməkdar artist Elşad Allahverdi oğlu Zeynalov (1951-2007) Ağsu rayonunda doğulub. Lənkəran Dövlət Dram Teatrının aktyoru, direktoru olub.

 

30 dekabr 1926 – Xalq artisti, xanəndə Əbülfət Əsəd oğlu Əliyev (1926 – 27.12.1990) Şuşada doğulub. Filarmoniyanın solisti olub, opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Şah İsmayıl” və s.) əsas rolları ifa edib.

30 dekabr 1937 – Xalq artisti, müğənni Rauf Yusif oğlu Babayev (1937 – 27.3.2020) anadan olub. 1960-70-ci illərdə “Qaya” kvartetinin solistilərindən biri kimi məşhurlaşıb.

 

31 dekabr 1903 – Əməkdar incəsənət xadimi, Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Yusif oğlu Mikayılov (1903-1986) Bakıda doğulub. “Lətif” (1930), “İsmət” (1934) və s. bədii filmlərə quruluş verib, sənədli filmlər çəkib.

31 dekabr 1907 – Yazıçı Eynulla Xankişi oğlu Ağayev (1907 – 5.11.1978) Bakının Ramana kəndində anadan olub.

31 dekabr 1910 – Yazıçı-dramaturq Əbil Yusif (Əbil Məmməd oğlu Yusifov; 1910 – 29.3.1984) Ordubadda anadan olub. Əsərləri: “Babək”, “Odlar içində”, “Səngərdən gələn səslər” və s.

31 dekabr 1920 – Əməkdar mədəniyyət işçisi, şair Zeynal Əliabbas oğlu Cabbarzadə (1920 – 20.1.1977) Bakıda doğulub. Uşaq və gənclər üçün kitabların müəllifidir.

31 dekabr 1927 – Əməkdar artist, opera müğənnisi Firudin Mehdi oğlu Mehdiyev (1927 – 1.2.2006) anadan olub. 1957-ci ildən Opera və Balet Teatrında çalışıb. Filmlərdə çəkilib.

31 dekabr 1927 – Xalq rəssamı Rasim Hənifə oğlu Babayev (1927 – 24.4.2007) Bakıda anadan olub. “Daşkəsən”, “Sumqayıt”, “Qobustan”, “Xınalıq” linoqravüra silsilələrinin, kitab qrafikası üzrə əsərlərin müəllifidir.

31 dekabr 1928 – Tanınmış rejissor Rauf Mirmahmud oğlu Kazımovski (1928 – 2.3.1976) Bakıda doğulub. Çoxsaylı radio və televiziya tamaşalarına quruluş verib.

31 dekabr 1934 – Böyük yazıçı-dramaturq, şair, Əməkdar incəsənət xadimi Cəfər Qafar oğlu Cabbarlı (20.3.1899 – 1934) vəfat edib. Milli dramaturgiyanın inkişafında yeni mərhələnin təməlini qoyub, milli kinoda ilk ssenarilərin (“Hacı Qara”, “Sevil”, “Almaz”) müəllifidir.

31 dekabr 1935 – Ədəbiyyatşünas, mətnşünas alim Ofeliya Əşrəf qızı Bayramlı (1935-2006) anadan olub.

Hazırladı:  Vüqar ORXAN