Hər il olduğu kimi, bu il də Bakı Turizm İnformasiya Mərkəzi Ümumdünya Turizm Günü münasibətilə bir sıra tədbirlər həyata keçirəcək. Tədbirlərdən biri ölkənin bir çox ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulur. Belə ki, mərkəz «Bakı - paytaxtdır» adlı siti-tur təşkil edəcək. Qeyd edək ki, bu ekskursiyada təkcə yerli tələbələr deyil, eyni zamanda xarici tələbələr də iştirak edəcəklər.
  
   Bakı Turizm İnformasiya Mərkəzindən qəzetimizə verilən xəbərə görə, siti-tur «Avropa» hotelindən başlayacaq. Avtobuslar «Hyatt Regency» hotelinin yanından keçərək Cavid bağına, oradan isə Şəhidlər Xiyabanına gedəcəklər. Burada qısa fasilə ərzində iştirakçılar Bakının panoramasına baxacaq, bələdçilər ekskursiya iştirakçılarına geniş məlumat verəcəklər. Sonra ekskursiya Prezident Aparatının qarşısından keçməklə, İncəsənət Muzeyi-Filarmoniya-Heydər Əliyev Fondu-Azərbaycan Dövlət Neft Şirkəti-Azneft meydanı-Qız qalası marşrutları üzrə davam etdiriləcək. Burada da fasilə elan olunacaq. İştirakçılar fasilə müddətində bələdçilərin Qız qalasının tarixi haqqında verdiyi məlumatları dinləyəcəklər. Siti-turun növbəti mərhələsi Qız qalasından başlayaraq Xalça Muzeyinin qarşısından keçməklə Azadlıq prospektində başa çatacaq.
   Sonra tədbir iştirakçıları avtobuslarla həmin marşrutları geri qayıdacaqlar. Bələdçilər əvvəlcə yolun sağında, geri qayıtdıqda isə soldakı tarixi abidələr, muzeylər, inzibati binalar haqqında məlumat verəcəklər.
   Bakı Turizm-İnformasiya Mərkəzinin reallaşdırmağı planlaşdırdığı ikinci tədbir paytaxtda və ətraf rayonlarda yerləşən dövlət təminatlı internat məktəbləri arasında «Abşeron - qədim diyar» adlı aksiyadır. Artıq iki ildir həyata keçirilən bu aksiyanın reallaşdırılmasında əsas məqsəd gənclərin Azərbaycanın qədim və zəngin tarixi ilə yaxından tanış olmaq imkanı qazanması, eyni zamanda onlarda vətənpərlik hissinin daha da gücləndirilməsidir. Ümumdünya Turizm Günü ərəfəsində baş tutacaq ekskursiyada internat məktəblərinin 100 nəfər şagirdinin iştirakı nəzərdə tutulur. Ekskusiya zamanı iştirakçılara Qala Dövlət Tarix-Etnoqrafik Qoruğunun yaranması, buradakı muzeyin eksponatları, Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl ikinci, üçüncü minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış məskənləri haqqında geniş məlumat veriləcək. 
   
    Fəxriyyə ABDULLAYEVA