Yola salmağa hazırlaşdığımız 2020-ci il bəşər tarixinə həyatın bütün sahələrini iflic vəziyyətə salan, mübarizə tədbirləri bu gün də davam edən dəhşətli pandemiya ilə yazıldı. Eyni zamanda pandemiyanın ağrı-acısını, çətinliklərini yüngülləşdirən, Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan bir hadisə də baş verdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 ilə yaxın Ermənistan işğalı altında olan Qarabağımızı azad etdi, xalqımıza sevinc və qürur hissi yaşatdı.
2020-ci il həm də Azərbaycan mədəniyyət və incəsənətinin, ədəbiyyat və elminin inkişafına mühüm töhfələr vermiş şəxsiyyətlərin yubiley ili idi. Pandemiya ilə əlaqədar tətbiq edilən karantin şəraitində əsasən onlayn şəkildə gerçəkləşən tədbirlərdə yubilyarların ömür və sənət yoluna nəzər salındı.
Ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən, bu il görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 150, maarifçi ədib, dövlət xadimi Nəriman Nərimanovun 150, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun 110, əfsanəvi partizan, İkinci Dünya müharibəsində Fransa antifaşist Müqavimət hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayılovun 100, yazıçı, kinodramaturq, rejissor Həsən Seyidbəylinin 100, Xalq artisti Leyla Bədirbəylinin 100, ədəbiyyatşünas, Əməkdar elm xadimi Əziz Mirəhmədovun 100 illiyi, eləcə də milli mətbuatımızın 145, Milli Azərbaycan Tarixi Muzeyinin 100, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyləri əsasən virtual olmaqla müxtəlif tədbir və təqdimatlarla qeyd olundu.
İl ərzində həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135, SSRİ Xalq artisti Ələsgər Ələkbərovun 110, yazıçı-dramaturq Sabit Rəhmanın 110, Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 95, görkəmli aktyor Səməndər Rzayevin 75, Xalq şairi Zəlimxan Yaqubun 70 illiyi və digər mərhum incəsənət, ədəbiyyat xadimlərinin yubileyləri çeşidli virtual layihələrlə qeyd edildi.
Bundan əlavə, musiqi mədəniyyətimizin görkəmli nümayəndələri – Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədovun 90, Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun 75 illik, Xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyləri, teatr, kino, təsviri sənət və başqa sahələrdə mədəniyyətimizin inkişafına töhfələrini davam etdirən digər yubilyar sənətkarlara, həmçinin ümumtürk mədəniyyətinin bu il qeyd olunan əlamətdar yubileylərinə (qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi) həsr olunmuş tədbirlər də keçirildi.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi və böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi Beynəlxalq Türk Akademiyasının (BTA) yubiley proqramları siyahısına salınıb. Hər iki şəxsiyyətin yubileylərinin BTA tərəfindən həm də Parisdə – UNESCO-nun qərargahında keçirilməsi nəzərdə tutulur. Onu da bildirək ki, Ə.Haqverdiyevin adı UNESCO-nun “2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısı”na daxil edilib. Ümid edək ki, pandemiya təhlükəsi sovuşar, bu yubiley tədbirləri də gerçəkləşər.
Doğrudur, ötən illərdə olduğu kimi, teatr və konsert müəssisələrinin zallarını dolduran izdihamlı, təntənəli yubiley gecələrinə şahid olmadıq. Lakin mədəni inkişafımızın yolunda çıraq olmuş, həmçinin xalqımızın qəhrəmanlıq salnaməsini zənginləşdirmiş şəxsiyyətləri, virtual layihələrlə olsa da, unutmağa qoymadıq. Bəzi yubilyarlar ölkəmizdən kənarda, səfirliklərimizin iştirakı ilə gerçəkləşən tədbirlərdə də yada salındı...