Yaddaşlara həkk olunan ifa

 

Deyirlər, bülbülə çəmən yaxşıdır,
İnsan üçün laləzar Vətən yaxşıdır,
Vahid, sorma Vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan görünür.

Vətən bizim varlığımız, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Vətənini sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik!

Şəhidlik də Vətənə olan sonsuz sevginin təcəssümüdür. Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu zirvəyə çatmaq, bu zirvəyə yüksəlmək hər insana nəsib olmur. İkinci Qarabağ müharibəsində bu zirvəyə ucalan, Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizdən biri də Xudayar Yusifzadədir. Hamımız onu ilk öncə oxuduğu "Vətən yaxşıdır” təsnifi ilə tanıdıq. Gülər üzü, Vətən sevgisi və xoş avazı ilə qəlblərə yol tapan Xudayar Yusifzadə. Eləcə də 22 yaşlı şəhid gizir Xudayar Yusifzadə, Vətən savaşında qəhrəmanlıq göstərməklə yanaşı, məlahətli səsi ilə döyüş yoldaşlarına dəstək olan Xudayar Yusifzadə, düşmən tapdağından təmizlənən Vətən torpağını elə vətəni tərənnüm edən ifalarla salamlayaraq həmin tarixi anları telefonun yaddaşına köçürərək xalqımızın hafizəsinə həkk olan Xudayar Yusifzadə.

Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərinin Qazıqurdalı kəndində anadan olub. Atası Bərdənin tanınan qarmon ifaçısı idi. Doğulduğu gündən 24 gün sonra atasını itirir. Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq incəsənət məktəbini xanəndəlik ixtisası üzrə bitirsə də, bu yolu yox, hərb sahəsini seçir. Hərbi xidmətindən sonra kiçik gizir rütbəsi alaraq sərhədlərimizin keşiyində dayanır. Oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda döyüşdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalır. Şəhid Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Bu gün Xudayardan geriyə qalan Zəngilanda oxuduğu “Vətən yaxşıdır” təsnifidir. Şəhid olmamışdan iki gün öncə Əliağa Vahidin sözlərinə yazılmış "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdı. Həmin video artıq sosial şəbəkələrdə trendə çevrilib.

İlk olaraq qeyd edək ki, "Vətən yaxşıdır" təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Xalq artisti, Prezident təqaüdçüsü, muğam ustadı, təsniflərimizin mahir ifaçısı Əlibaba Məmmədovun milli musiqimizin təbliğində, inkişafında, öyrədilməsində böyük rol oynayıb. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhürünü vuran Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsnif yaradıb ki, onlar bu gün də xanəndələrin repertuarlarında geniş yer tutur. Xudayarın oxuduğu bu təsnif bunu bir daha sübut etdi.

Sevimli sənətkarımız müəllifi olduğu “Vətən yaxşıdır” nəğməsinin Xudayar Yusifzadənin xatirəsinə ehtiram əlaməti olaraq “Xudayar təsnifi” adlandırılmasına xeyir-dua verib. Və bundan sonra Xudayar Yusifzadənin adı çəkiləndə bu təsnif də yada düşəcək.

Son zamanlar şəhid Xudayar Yusifzadənin ifasıyla bir çox musiqiçilər duetlər, kompozisiyalar, videoçarxlar hazırlayıb. Bunların içərisində tanınmış qarmon ifaçısı, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblının müşayiətilə yeni aranjimanda "Vətən yaxşıdır" təsnifi böyük maraqla qarşılanıb. Əməkdar artist Abbas Bağırov sözügedən təsnifi Xudayarın ifası ilə virtual duet şəklində oxuyub.

Qeyd edim ki, Ənvər Sadıqov özünün rəhbərlik etdiyi "Qaytağı" instrumental ansamblı 2000-ci ildə yaradıb. Solisti Əməkdar artist Abbas Bağırov olan ansambl 2012-ci ildən Azərbaycan Dövlət Televiziyası və Radiosunun nəzdində fəaliyyət göstərir. Ötən illər ərzində ansambl ölkəmizdə və xaricdə müxtəlif konsert proqramları ilə musiqisevərlərin qarşısına çıxıb, dəfələrlə Heydər Əliyev Fondunun, UNESCO-nun və İCESCO-nun təşkilatçılığı ilə gerçəkləşən tədbirlərdə, konsertlərdə musiqimizi layiqincə təmsil edib.

Bu günlərdə işıq üzü görmüş, musiqisevərlər tərəfindən maraqla qarşılanıb, bütün şəhidlərimizə ithaf edilmiş “Xudayar təsnifi” də bu ansamblın uğurlu işlərindən biridir. Ansamblın bədii rəhbəri Ənvər Sadıqov bu işin ərsəyə gəlməsində solist Abbas Bağırov olmaqla, bütün musiqiçilərin böyük əməyi olduğunu vurğulayıb. Duetdə Abbas Bağırovun qəhər içində ifasına qulaq asarkən təsirlənməmək mümkün deyil.

Ansamblın bədii rəhbəri Ənvər Sadıqov və pianoçusu Taleh Ağayevlə birlikdə yeni aranjimanda təqdim olunan təsnifdə əsas xətt olduğu kimi saxlanılıb, melodiya və ritm dəyişilməyib. Lakin təsnifin əvvəlində harmonik cəhətdən dəyişilmiş şəkildə verilən musiqi sanki tamaşaçını bir qədər intizarda saxlayır, çünki hansı musiqinin veriləcəyi ilk akkordlardan bilinmir. Kompozisiyanın ortasında qoşanağaranın səsindən də istifadə olunub. Əlibaba Məmmədovun 50 il öncəki ifasında da məhz bu alət iştirak etmişdi. Eləcə də Azərbaycan Milli Konservatoriyasının dosenti Ələkbər Ələkbərovun əvvəldə səslənən solo tarda ifası, milli alətlərimizdən olan balabanın səsi yeni aranjimanda təsnifə xüsusi rəng qatır. Və bundan sonra ansamblın müşayiəti ilə şəhid Xudayar Yusifzadənin ifası başlayır. İfa zamanı adama elə gəlir ki, Xudayar sanki bu ansamblın müşayiətilə ifa edir. Əlbəttə, bunun üçün xüsusi texniki vasitələrdən istifadə olunub ki, bu da çox diqqətəlayiq məqamlardan biridir. İkinci kupleti Abbas Bağırov ifa edir. Və sonunda birdən dayanaraq “Oxu qardaşım, oxu” deyərək sanki estafeti yenidən Xudayara verir. Sona yaxın ansamblın bütün alətləri tədricən səslənməni dayandırır və yalnız şəhidin səsi qalır. Xudayarın öz səsi, öz oxusu ilə təsnif tamamlanır.

Xudayarın ən böyük arzusu Qarabağın incisi, baş tacı Şuşanı görmək olub. Elə 9 yaşında ifa etdiyi məşhur “Şuşanın dağları” mahnısını da orada oxumaq istəyirdi.  Sağ ikən qismət olmasa da, şəhidlik zirvəsinə ucalandan sonra onun səsi Şuşada eşidildi. Qələbədən sonra, 22 dekabr tarixində bir qrup sənət adamı Şuşada – Cıdır düzündə konsert proqramı ilə çıxış etdi. Konsertdə Abbas Bağırov Xudayarla virtual duetini ifa etməklə sanki Xudayarın yarımçıq qalmış arzusunu yerinə yetirdi.

Şəhidlər ölmür, unudulmur! İllər keçsə də, gələcək nəsillər Xudayar kimi minlərlə şəhidimizi hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.

Torpaqlarımızın qorunması yolunda canlarından keçən şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şey öyrənməlidirlər. Onlar bizə Vətəni sevməyi, sözdə yox, əməldə göstərdilər.

Qəhrəmanlığı ilə seçilən mərd oğullarımız dünən də olub, bu gün də var, sabah da olacaq. Biz 44 günlük Vətən müharibəsində Azərbaycanımızın necə igid, necə istedadlı oğulları olduğunu gördük. Xudayar Yusifzadə kimi. 22 yaşlı bu qəhrəman döyüşlərin ortasında oxuduğu bu təsniflə Azərbaycanda tanındı. Heç vaxt xanəndə olmayan gizir elə bircə təsniflə xanəndə kimi də yaddaşlara həkk olundu. Bütün şəhidlərimiz kimi adı dastana döndü. Şəhadətin mübarək olsun! Allah rəhmət eləsin.

Jalə QULAMOVA
Azərbaycan Milli Konservatoriyasının elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent