Bu təşkilata üzv olmaq Azərbaycan turizminin reklamı deməkdir
  
   27 sentyabr - bütün dünyada Ümumdünya Turizm Günü kimi qeyd edilir. Həmin gün Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi qəbul edilib. Bu təşkilat yaranana qədər İkinci Dünya müharibəsindən sonra dünyada Turizm Təşkilatçıları İttifaqı adlanan bir qurum olub. 1969-cu ildə Birləşmiş Millətlər Təşkilatı belə bir qərar qəbul edib ki, ittifaq ümumdünya turizm təşkilatına çevrilsin. 1970-ci ilin sentyabrında həmin ittifaqın Meksikada keçirilən Baş Assambleyasında qurumun adının dəyişdirilib Ümumdünya Turizm Təşkilatı adını alması ilə bağlı qərar qəbul edilib. Həmin il sentyabrın 27-də yeni yaranmış təşkilatın nizamnaməsı qəbul olunub. Nizamnamə qəbul edildikdən 5 il sonra - 1975-ci ildə ÜTT-nin Madriddə Birinci Baş Assambleyası keçirilib. Burada qurumun baş katibi seçilib. Bundan sonra 1980-ci ildə keçirilən İkinci Baş Assambleyada tədbir iştirakçıları belə qərara gəliblər ki, təşkilatın nizamnaməsinin qəbul edildiyi gün, yəni 27 sentyabr tarixi bütün dünyada Ümumdünya Turizm Günü kimi qeyd edilsin.
  
   Bəs Ümumdünya Turizm Təşkilatının yaranması dünya turizminə nə verdi? Qeyd edək ki, bu təşkilatın formalaşması ilə ilk növbədə ölkələr arasında turizm sahəsi üzrə koordinasiya yarandı. İkincisi, bu quruma üzv olan dövlətlər arasında vahid statistik məlumat bazası formalaşdı. Turizm sahəsinin koordinasiyalı inkişafı üçün Ümumdünya Turizm Təşkilatı layihələr hazırlayır. 2001-ci ili ÜTT Beynəlxalq Ekoturizm ili elan etdi. Qurum mütəmadi olaraq turizmin bu və ya digər sahəsinin hansı ölkədə daha çox inkişaf etdirilməsi ilə bağlı tövsiyələr verir. ÜTT Birləşmiş Millətlər Təşkilatı yanında ixtisaslaşmış bir qeyri-hökumət təşkilatıdır və bütün dünya turizmini də məhz bu qurum əlaqələndirir.
   Belə bir nüfuzlu qurumun üzvü olmaq təbii ki, hər bir ölkənin turizm sahəsindən yüksək miqdarda gəlir götürməsinin təminatıdır. Maraqlıdır, Azərbaycan quruma nə vaxtdan üzv olub və bu üzvlük ölkəmizdə turizmin inkişafına nə kimi fayda gətirib?
   Tarix elmləri doktoru, dosent, Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və idarə edilməsi kafedrasının müdiri Bahadur Bilalov deyir ki, Ümumdünya Turizm Təşkilatının bu gün 153 həqiqi üzvü var: «Həqiqi üzv yalnız dövlətlər ola bilər. Yəni hazırda 153 dövlət bu təşkilatın üzvüdür. Müstəqillik əldə etdikdən sonra 90-cı illərdə Ümumdünya Turizm Təşkilatı dəfələrlə Azərbaycana üzvlüklə bağlı müraciət etmişdi. Qurum Ümumdünya Turizm Təşkilatına üzv olmağımızı tövsiyə edirdi. O vaxt Azərbaycanda turizmi idarə edən orqan Nazirlər Kabineti yanında Xarici Turizm Şurası idi. Həmin vaxt mən də həmin şuranın işçisi idim. Lakin təəssüflər olsun ki, bu şuranın rəhbəri turizm sahəsindən xəbəri olmayan bir adam idi. Sadəcə bir misalı deyim ki, Özbəkistan bu təşkilata bizdən tez üzv oldu. Az bir zamanda qurum bu ölkədə turizmin inkişafı strategiyasını işləyib hazırladı. Bunun üçün maliyyə vəsaiti ayırdı. Təsadüfi deyil ki, 2001-ci il aprelin 18-də mərhum prezident Heydər Əliyevin sərəncamı ilə turizmin idarə edilməsi o vaxtkı Gənclər və İdman Nazirliyinə həvalə edildi, nəticədə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Nazir Əbülfəs Qarayev turizm sahəsini mükəmməl bildiyinə görə tez bir zamanda Azərbaycanın Ümumdünya Turizm Təşkilatına üzvlüyü məsələsini həll etdi. Həmin ilin sentyabrında artıq Azərbaycan bu təşkilatın həqiqi üzvlüyünə qəbul edildi. Bundan sonra ölkəmizdə turizm sahəsi ÜTT-nin tövsiyələri əsasında inkişaf etməyə başladı».
   O ki qaldı ÜTT-yə üzvlüyün Azərbaycan turizminə hansı dividentləri gətirməsinə, B.Bilalov bildirir ki, Ümumdünya Turizm Təşkilatı Birləşmiş Millətlər Təşkilatının bir strukturudur və təbii ki, belə bir sanballı təşkilatın üzvü olmaq Azərbaycan turizminin reklamı, digər ölkələrdə tanınması deməkdir: «Bu təşkilatın nümayəndələri vaxtaşırı ölkəmizə gəlirlər, qurumun rəhbəri Bakıda olub. Bir neçə ay bundan əvvəl ÜTT geniş bir tədbirini Azərbaycanda reallaşdırdı. Həmin tədbirdə adıçəkilən təşkilata üzv olan ölkələrin turizm nazirləri Bakıya toplaşmışdı. Bütün bunların hamısı Azərbaycan turizminin təbliğinə xidmət edir. Ölkəmiz ÜTT-yə üzv olmasaydı, bu tədbirlərdən kənarda qalacaqdı və turizm potensialımız haqqında heç kimin məlumatı olmayacaqdı. İkinci bir tərəfdən, ÜTT-nin müxtəlif layihələri var. Məsələn, kadr hazırlığı ilə bağlı. Bu təşkilat dünyanın bəzi ölkələrindəki turizm kadrı hazırlayan ali məktəblərə xüsusi sertifikat verir».
   Azərbaycan Turizm İnstitutunun da yarandığı gündən qarşısına bu qurumun sertifikatını almağı məqsəd qoyduğunu deyən mütəxəssisin sözlərinə görə, Qafqaz regionunda bu sertifikatı alan ali məktəb hələ yoxdur: «ATİ istəyir ki, belə bir nüfuzlu qurum burada yüksək ixtisaslı kadr hazırlandığını təsdiq etsin. Bu sertifikatı alan ali məktəblərin tələbələrini dünyanın hər yerində böyük məmnuniyyətlə işə götürürlər. Ümumiyyətlə, bu tipli beynəlxalq təşkilatların üzvü olmaq ölkələrdən çox böyük məsuliyyət tələb edir. Eyni zamanda bu ölkələr turizm sahəsində xidmətin keyfiyyətini dünya standartları səviyyəsində qurmağa çalışırlar».
   Azərbaycan turizminin vəziyyətində hər hansı bir irəliləyişin, inkişafın olmasına gəldikdə isə Bahadur müəllimin bu barədə fikirləri xeyli optimistdir: «Azərbaycan turizminin inkişafında 90-cı illərdən yaranmış durğunluq 2001-ci ildə Gənclər, İdman vəTurizm Nazirliyi yarandıqdan sonra aradan qaldırılmağa başlanıb. Düzdür, problemlər var, çətinliklər çoxdur. Amma bununla belə, inkişaf da kifayət qədərdir. Məlumdur ki, turizmin inkişafı üçün ilk növbədə infrastruktur lazımdır və bu infrastruktur da Azərbaycanda gündən-günə genişlənir. Məsələn, təkcə Bakıda yox, regionlarda, rayon mərkəzlərində, istirahət üçün yararlı yerlərdə nəinki üçulduz, dördulduz, hətta beşulduz mehmanxanalar fəaliyyət göstərir. Bundan əlavə, statistikaya nəzər saldıqda görürük ki, Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Bunların hamısı ölkəmizdə turizm sahəsinin inkişafının göstəricisidir».

  Fəxriyyə ABDULLAYEVA