Təhsil Nazirliyi 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” (“Mənim yolum”) Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ üçün yarat!” virtual rəsm sərgisi keçirilib.
Təhsil Nazirliyindən bildirilib ki, sərginin təşkil olunmasında məqsəd Amerikada yaşayan uşaqlara Qarabağın tarixi abidələrini, işğaldan azad olunmuş şəhər və kəndlərini tanıtmaq, istedadlı uşaqları üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
Virtual sərgidə azərbaycanlı və amerikalı məktəblilər tərəfindən 60-a yaxın əl işi təqdim olunub. Rəsmlərdə Azərbaycanın tarixi abidələri, zəngin mədəni irsi və qəhrəmanlarının döyüş əzmi öz əksini tapıb. Sərginin yekunu ilə bağlı təşkil edilən tədbirdə çıxış edən “My Way” mərkəzinin rəhbəri Alyona Bədəlova Azərbaycan xalqını Vətən müharibəsində tarixi Qələbə münasibətilə təbrik edib, iştirakçılara uğurlar arzulayıb.