Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhəri muzeylərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib.
Görüşdə çıxış edən Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərgiz Abdullayeva işğaldan azad edilmiş rayonlarda geniş quruculuq işləri ilə bərabər, mədəniyyət infrastrukturunun yaradılması, tarixi-mədəni abidələrin, o cümlədən muzeylərin bərpası ilə bağlı nazirlik tərəfindən müvafiq işlərə başlanılması barədə məlumat verib.
Videokonfransda tarixi Zəfərlə başa çatan Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşərək qazi olan muzey əməkdaşlarının adları qeyd edilib, onlara daim diqqət və qayğı göstərilməsinin vacibliyi vurğulanıb.
Görüşdə iştirak edən muzey rəhbərləri azad edilmiş torpaqlarda bərpa ediləcək muzeylərlə bağlı fikirlərini bölüşüb, bərpa prosesində iştirak etməyə hazır olduqlarını bildiriblər. “Qarabağın musiqi xadimləri muzeyi”nin yaradılması, muzeylərin fondunda saxlanılan Qarabağa aid eksponatların bərpası, işğaldan azad edilmiş ərazilərdə bərpa ediləcək muzeylərin fondlarının formalaşdırılması məqsədilə müvafiq işlərə başlanılması ilə bağlı təkliflər səsləndirilib.
Eyni zamanda görüşdə muzeylər tərəfindən 2020-ci il ərzində görülən işlər müzakirə olunub. Qeyd edilib ki, muzeylər pandemiya dövründə onlayn fəaliyyət vasitəsilə çox qısa zamanda öz işlərini karantin dövrünün tələblərinə uyğunlaşdırıb. Bu müddət ərzində bir sıra onlayn sərgilər keçirilib, uğurlu layihələr reallaşdırılıb, muzeylərin sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq məlumatlar paylaşılıb.