Özbəkistanda Azərbaycana Azərbaycana həsr olunmuş “İlin məqalələri, əsərləri, televiziya verilişləri, ən fəal xadimləri, jurnalistləri” müsabiqəsinə yekun vurulub.
Müsabiqə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, ölkəmizin səfirliyi, habelə Özbəkistan Milli Mətbuat Agentliyinin dəstəyi ilə keçirilib.
Təşkilat komitəsi xüsusi tərəfindən müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən edilib.
“Azərbaycana dair ilin ən yaxşı televiziya verilişləri” nominasiyası üzrə Özbəkistanın Dövlət Televiziyasının “Özbəkistan tarixi” kanalında “Manbalar sozlaganda” adlı verilişin aparıcısı Dildora Həsənova qalib elan edilib.
Azərbaycan, onun tarixi, haqq işinin təbliği, ölkəmizin mədəniyyəti, ədəbiyyatı, turizmi, habelə iki ölkə arasında dostluq əlaqələrini fəal təbliğ edən Özbəkistan xəbər agentlikləri, saytları da xüsusi mükafata layiq görülüblər. Onların arasında «human.uz», «qalampir.uz», «interfax.uz», «fikr.uz», «islamonline.uz», «interpress.uz», «tnews.uz», «ishonch.uz» saytları var.
“İlin ən yaxşı tərcümə əsəri” nominasiyası üzrə Şahlo Qasımovanın görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin özbək dilinə tərcümə etdiyi “Rübailər” kitabı qalib seçilib.
Dostluq və əməkdaşlığımızı təbliğ edən ilin ən fəal ictimaiyyət nümayəndələri nominasiyası üzrə özbəkistanlı şairə, tərcüməçi Dilbar Xaydarova mükafata layiq görülüb. Azərbaycanlı gənc fəal Əli Sarı-Zadə də xüsusi mükafatla təltif edilib.
İlin ən fəal alimləri, tanınmış ədəbiyyatşünaslar, elm xadimləri mükafatı üzrə Özbəkistanın Turon Akademiyasının prezidenti, akademiki, tarix elmləri doktoru Haydarbek Bababekov, Özbəkistan Jurnalistlər Birliyinin İctimai Şurasının sədri, şair və tərcüməçi Karim Bexriyev və ekspert Şokir Dolimov qalib elan olunublar.
Müsabiqədə Azərbaycanın yaxın dostu, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və bu istiqamətdə çoxsaylı xidmətləri olan alim, jurnalist Şuxrat Salamov ali mükafata layiq görülüb.
Özbəkistan və Azərbaycan dostluğuna dair ilin ən yaxşı əsər-layihəsi kimi azərbaycanlı publisist, tarixçi Teymur Atayevin “Əmir Teymur fenomeni” kitabı seçilib.
Bundan başqa, Özbəkistanda ilin ən yaxşı mədəniyyət layihələri də müəyyənləşdirilib.
Özbəkistan Dövlət Film Fondunun dəstəyi və “First Art Media” şirkətinin layihəsi ilə Azərbaycan-Özbəkistan dostluğuna dair çəkilmiş “Oltin ko'prik” (“Qızıl körpü”) sənədli filmi müsabiqənin qalibi olub.
İlin ən yaxşı musiqi layihəsi mükafatına "Do'stlik madhi" klipi layiq görülüb. Qeyd edək ki, musiqinin sözlərinin müəllifi özbək şairi Arif Toxtaş, ifaçısı isə Özbəkistanın Xalq artisti, tanınmış opera müğənnisi Ramiz Usmanovdur.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müsabiqənin hər il keçirildiyini və qardaş ölkədə Azərbaycan- Özbəkistan dostluğunun, milli mədəniyyətimizin geniş təbliğinə xidmət etdiyini bildirib. O, pandemiya ilə əlaqədar builki müsabiqənin qaliblərinin mükafatlandırılması mərasiminin keçirilmədiyini, mükafatların fərdi olaraq təqdim ediləcəyini diqqətə çatdırıb.
S.Abbasov ölkəmizin təbliği istiqamətində ötən illər ərzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Özbəkistandakı səfirliyimizlə birgə bir sıra layihələrin həyata keçirildiyini vurğulayıb.