AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunda “Şuşa Qarabağ xalçaçılığının paytaxtıdır” mövzusunda tanıtım xarakterli videomaterial hazırlanıb.
Sektorun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov bildirib ki, Şuşa, Ağdam, Füzuli, Tərtər, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Ağdərə, Laçın, Xocavənd, Beyləqan, Ağcabədi, Bərdə, Zəngilan rayonlarında mövcud olmuş xalçaçılıq ənənələrinə dair materiallar toplanılıb. İlk olaraq Şuşa xalçaçılığı haqqında Azərbaycan, ingilis və rus dillərində videomaterial hazırlanıb.
Şuşa XVIII əsrin sonlarında aran və dağ Qarabağın əsas xalçaçılıq mərkəzinə çevrilə bilmişdi. Burada Laçında, Ağdamda, Kəlbəcərdə, Ağdərədə, Ağcabədi, Beyləqanda və digər yerlərdə yaranan gəbələrlə yanaşı, Şuşanın özündə və ətraf kəndlərdə yaranan “Əjdahalı”, “Açma-yumma”, “Bağçada güllər”, “Nəlbəki gül”, “Saxsıda güllər”, “Qoca”, “Balıq”, “Butalı”, “Ləmpə”, “Dəryanur”, “Bulud” və s. kimi xalça çeşniləri də toxunurdu.
Vidadi Muradov qeyd edir ki, Şuşada xalçaçılığın tarixi kökləri birbaşa türkçülüklə bağlıdır. Burada toxunan bütün xalçalar, xalça məmulatları üzərində Bayat, Kəngərli, Kolanı, Bəydili, Dəmirçi, Qazançı, Yaycı, Muğanlı, Əfşar, Quşçu, Otuzikilər, İyirmidördlər, Qaraqoyunlular kimi onlarla türk tayfalarının rəmzi olan elementlərə, damğalara rast gəlinir.
Videomaterialı https://www.youtube.com/watch?v=8DTV8scImP8 linki vasitəsilə izləmək olar.