Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Xarici tələbələrlə iş üzrə şöbə müdiri Vüqar Hümbətovun “Azərbaycan bəstəkarlarının yaradıcılığında tarixi mövzulu xor əsərləri (1990-2000-ci illər)” adlı monoqrafiyası çapdan çıxıb.
Monoqrafiyada Azərbaycan bəstəkarlarının konkret tarixi dövrdə baş vermiş hadisələrə - xalqımızın müstəqillik uğrunda mübarizəsinə, 20 Yanvar hadisələrinə, Xocalı faciəsinə, Qarabağın işğalına, həmçinin ümummilli lider Heydər Əliyevə və Vətən uğrunda şəhid olmuş qəhrəman oğullara həsr olunan əsərlər tədqiqata cəlb edilib.
Tədqiqatda müəllif bir neçə nəsil Azərbaycan bəstəkarlarının, o cümlədən Ramiz Mustafayev, Oqtay Rəcəbov, Elnarə Dadaşova, Yaşar İmanov, Sərdar Fərəcov, Cəlal Abbasov, Rəna Qədimova, Leonid Vaynşteyn, Aydın Ağasıyev, Fuad Cavadov və başqalarının əsərlərinə müraciət edərək təhlil süzgəcindən keçirib.
Kitabın elmi redaktoru Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, rəyçiləri Xalq artisti, professor Cavanşir Cəfərov, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova, Əməkdar incəsənət xadimləri, professor Sonaxanım İbrahimova və Dilarə Əliyevadır.
Monoqrafiya Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə və Üzeyir Hacıbəyli adına BMA-nın 100 illik yubileyinə həsr olunub.