Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2267 nəfər hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlardan 8 nəfəri (1 baş leytenant, 1 kiçik çavuş, 6 əsgər) medala ölümündən sonra layiq görülüb.
Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin nəticəsi olaraq və 10 noyabrda imzalanan Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatının müddəalarına əsasən, erməni silahlı qüvvələri Ağdam rayonun işğal altında olan ərazilərini, o cümlədən Ağdam şəhərini tərk ediblər və noyabrın 20-də Azərbaycan ordu hissələri bu ərazilərə daxil olub.
***
Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı daha bir sərəncamla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5203 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. 154 hərbi qulluqçu medala ölümündən sonra layiq görülüb.
“Kəlbəcərin azad olunmasına görə” medalı ilə ölümündən sonra təltif edilən hərbi qulluqçulardan 4-ü mayor, 6-sı kapitan, 13 nəfəri baş leytenant, 9 nəfəri leytenant, 1 nəfəri baş gizir, 16-sı gizir, 9-u kiçik gizir, 5 nəfəri baş çavuş, 7 nəfəri çavuş, 8-i kiçik çavuş, 2 nəfəri baş əsgər və 74-ü əsgərdir.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-dən Ermənistan tərəfindən işğal edilmişdi. 27 sentyabr – 10 noyabr müharibəsi gedişində Azərbaycan ordu hissələri Kəlbəcər rayonu ərazisində Murovdağ silsiləsinin strateji yüksəkliklərini düşməndən azad etmişdi. Müharibədəki ağır məğlubiyyətdən sonra üzərinə müvafiq öhdəlik götürən Ermənistan silahlı qüvvələrini ərazidən çıxaraq Kəlbəcər rayonunu 25 noyabr 2020-ci ildə Azərbaycana qaytardı.
***
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5775 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. Onlardan 182 nəfər medala ölümündən sonra layiq görülüb.
“Laçının azad olunmasına görə” medalı ilə ölümündən sonra təltif edilən hərbi qulluqçular sırasında 4 polkovnik-leytenant, 1 kapitan, 8 baş leytenant, 7 leytenant, 1 baş gizir, 1 miçman, 7 gizir, 1 baş çavuş, 4 çavuş, 11 kiçik çavuş, 137 əsgər var.
27 sentyabr – 10 noyabr müharibəsi gedişində Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri rəşadətli hərbçilərimiz tərəfindən azad edilmişdi. Ermənistanın 10 noyabr tarixli bəyanatda üzərinə götürdüyü öhdəliklərə əsasən, Laçın rayonu 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarıldı. Sözügedən bəyanatın müddəalarına uyğun olaraq, Laçın dəhlizində (5 km enində) Rusiya sülhməramlı qüvvələri yerləşdirilib.
Vətənin işğaldan azad edilən hər qarışı igid hərbçilərimizin canı-qanı bahasına düşmən tapdağından təmizlənib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.