Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun keçirdiyi “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” mövzusunda beynəlxalq onlayn rəsm müsabiqəsinə yekun vurulub. Qaliblərin bir qisminin təltifetmə mərasimi keçirilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva münsiflər heyəti tərəfindən, eləcə də onlayn səsvermə yolu ilə Azərbaycandan seçilən qaliblərin bir qisminə sertifikat və mükafatları təqdim edib. O, uşaqları təbrik edərək, türk dünyasının zəngin tarixinin, mədəniyyətinin daha da dərindən öyrənilməsinin vacibliyini vurğulayıb. Günay Əfəndiyeva uşaqların çəkdikləri rəsm əsərləri əsasında türkdilli xalqların adət-ənənələrini əks etdirən kitabın hazırlandığını və gələn il kitabın təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını qeyd edib.
İştirakçılardan Məryəm Quluzadə “Qran pri“ mükafatına, Kövsər Qurban “Dostluq”, Aytac Talışinski “Bilgi” nominasiyalarında mükafatlara layiq görülüb. Cəlil Kərimli 6-9 yaş üzrə 1-ci yeri, Arif Quliyev 6-9 yaş üzrə 3-cü yeri, Surə Dadaşzadə 14-16 yaş üzrə 2-ci yeri tutub. Məryəm Quluzadə “Novruz”, Təhminə Kərimova “Səmazənlər”, Səməndər Qurbanzadə “Xalçalar”, Zarina Şıxəliyeva “Musiqi” kateqoriyaları üzrə birincilik qazanıb.
Fonddan bildirilib ki, mövcud olan pandemiya şəraiti nəzərə alınaraq, Azərbaycanın şəhər və rayonlarından, eləcə də türkdilli və digər ölkələrdən müsabiqəyə qatılan uşaqların sertifikatları elektron poçt vasitəsilə çatdırılacaq.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd gəncləri türk dünyasının qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin öyrənilməsinə və qorunmasına təşviq etmək, onların bacarıqlarını ictimaiyyətə nümayiş etdirmək idi. Beynəlxalq rəsm müsabiqəsinə təşkilata üzv və müşahidəçi ölkələr – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstan, habelə Türkmənistan, Bolqarıstan və Ukraynadan olan məktəblilər qatılıb. Rəsmlər 12 mövzu – “Dədə Qorqud”, “İrsimiz”, “Adət-ənənələr”, “Səmazənlər”, “Türk dünyasının qadını”, “Novruz”, “Xalçalar”, “Milli mətbəx”, “Musiqi”, “Oyunlar”, “Dünyamızı qoruyaq” və “Türk birliyi” kateqoriyaları üzrə qəbul olunub.