44 günlük Vətən müharibəsində igid oğullarımızın canı, qanı bahasına işğalçı düşmən üzərində şanlı Qələbə qazandıq. Uzun illərdir yağı tapdağında olan əzəli yurd yerlərimizdə bu gün üçrəngli bayrağımız dalğalanır. Bu zəfərin əldə olunmasında müharibədə mərdliklə döyüşən on minlərlə hərbçinin, o cümlədən qəhrəman şəhid Sadiq Nadir oğlu Rəhimovun payı var.
Sadiq Rəhimov 10 dekabr 1997-ci ildə Lerik rayonunun Veri-Əliabadı kəndində dünyaya göz açıb. Həmin vaxt əmisi Valeh Rəhimov iki il idi ki, şəhidlik zirvəsinə ucalmışdı. Doğmaları ona Valeh adını qoymaq istəmişdilər. Atası şəhid qardaşının adına, elinə-obasına, Vətəninə sadiq olacağını hiss etdiyindən ona Sadiq adını qoymuşdu.
Birinci Qarabağ müharibəsi yenicə bitmişdi. Sadiq yaxın qohumları, əmiləri və dayılarının düşmənlə mübarizədəki şərəfli döyüş yolları barədə söhbətləri tez-tez eşidirdi.
Sadiq 2004-cü ildə şəhid əmisi Valeh Rəhimovun adını daşıdığı Veri-Əliabadı kənd ümumi orta məktəbin birinci sinfinə gedir. Qardaşı Layiqin əlindən tutub məktəbə gəldiyi ilk günlərdən müəllim və şagird yoldaşlarının sevgisini qazanır. Nümunəvi şagird kimi həmyaşıdlarından seçilir, hər yeni tədris ili başlayanda sinif nümayəndəsi seçilirdi. Məktəbin bütün tədbirlərində vətənpərvərlik mövzusunda səsləndirdiyi şeirlər, hekayələr onun daxilən Vətənə olan böyük sevgisindən və gələcəkdə qəhrəman oğullarımızdan birinə çevriləcəyindən xəbər verirdi.
Qardaşı Layiq Rəhimov Cəmşid Naxçıvanski adına Hərbi liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə oxuduğu illərdə Sadiq hər yay tətilində evə gələndə qardaşının kursant paltarlarını geyinər, “mən də əsgər olmaq istəyirəm” deyirdi. Layiq həmin günləri xatırlayarkən deyir: “Allah o müqəddəs formanı mənə, o libasa olan böyük həvəsi isə Sadiqə nəsib etmişdi”.
2012-ci ildə Sadiqin atası vəfat edir və qardaşı Ali Hərbi Məktəbdə oxuduğundan ailənin qayğıları onun çiyinlərinə düşür. Qardaşından kiçik olsa da, bir günün içində böyüyərək ailədə ata, əmilərinə, bibilərinə qardaş əvəzi olur. Daha tez təhsil alıb peşə sahibi olmaq üçün 2013-cü ildə 9-cu sinfi bitirən kimi Astara Pedaqoji Texnikumunun bədən tərbiyəsi ixtisasına qəbul olunur. 2017-ci ildə həmin məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşür. Vətənə olan borcunu da elə cəbhə xəttində, düşmənlə üz-üzə ödəyir. Kəşfiyyatçı kimi döyüş sirlərinə mükəmməl şəkildə yiyələnir, nümunəvi xidməti ilə seçilir.
2020-ci ilin iyul ayında düşmənin Tovuz istiqamətində təxribata əl atması Sadiqi də hiddətləndirir. O, həmin vaxt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək orduya könüllü yazılır. Könüllülərin təlimləri başlayanda ailəsinə xəbər vermədən o da qoşulur. Doğmaları bir neçə gün sonra onun yenidən hərbi xidmətdə olduğundan xəbər tuturlar.
27 sentyabrda ermənilərin növbəti təxribat cəhdləri torpaqlarımızı yağı düşmən tapdağından azad etmək zərurətini yaratdı. Sadiq ilk günlərdən hərbi əməliyyatlarda aktiv iştirak etməyə başlayır. Tək yaşayan anasının ondan və ön xətdə zabit kimi vuruşan qardaşı Layiqdən nigaran qalmaması üçün imkan tapıb əlaqə saxlayanda hər şeyin yaxşı olduğunu deyir: “Ana, bizdən ötrü narahat olma, vaxt gələcək mənimlə qürur duyacaqsan” söyləyirdi.
Sadiq Rəhimov Füzuli, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə mərdliklə iştirak edir, düşmənə sarsıdıcı zərbələr endirir. Noyabrın 3-də Xocavənd rayonu ərazisində ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır.
Lerik sakinləri dekabrın 6-da “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə öz qəhrəman şəhidini qarşılayaraq onu doğma kəndində son mənzilə yola salıb.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Sadiq Rəhimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin.