Dekabrın 30-da Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov və Dövlət Kreml Sarayının baş direktoru və bədii rəhbəri Pyotr Şaboltay arasında videokonfrans formatında görüş keçirilib.
Ramil Qasımov Pyotr Şaboltayı salamlayaraq Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Hazırda dünyada davam edən pandemiya bitdikdən sonra bu sahədə daha sıx əməkdaşlığın qurulmasının, iki ölkənin görkəmli mədəniyyət xadimlərinin fikir, təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. Ramil Qasımov qeyd edib ki, 2021-ci ilin Dövlət Kreml Sarayının yubiley ili olması nəzərə alınaraq, yubiley ilində birgə əməkdaşlığa dair memorandumun hazırlanması və onun əsasında yeni mədəniyyət layihələrinin, festivalların, mədəniyyət günlərinin, konsertlərin keçirilməsini təklif edib.
Dövlət Kreml Sarayının direktoru Pyotr Şaboltay bu fikirləri dəstəklədiyini və gələcəkdə böyük məmnuniyyətlə Dövlət Kreml Sarayının truppaları ilə Azərbaycanda çıxış etmək istədiklərini bildirib.
Tərəflər səmərəli fikir mübadiləsinə imkan yaradan görüşün əhəmiyyətini vurğulayaraq, səslənən təkliflərin nəzərdən keçiriləcəyini bildirib və qarşıdan gələn 2021-ci il münasibətilə qarşılıqlı təbrik və arzularını ifadə ediblər.
Qeyd edək ki, Heydər Əliyev Sarayının təşəbbüsü ilə gerçəkləşən videokonfrans formatında görüş ənənəvi hal alacaq və gələcəkdə dünya səviyyəsində tanınan teatr-konsert müəssisələrinin rəhbərləri ilə əməkdaşlıq məqsədilə belə görüşlər keçiriləcək.