Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov dekabrın 29-da "Kreativ Azərbaycan" portalının (creative.az) keçirdiyi "Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirib.
Görüşdə müsabiqənin qalibləri – “Aydın və Aydan” layihəsinin rəhbəri Rəşid Ağamalıyev, “Kreativmart” layihəsinin rəhbəri Fərrux Rəhimov və “Onlayn rəqəmsal incəsənət arxivi” layihəsinin rəhbəri, “Ta(r)dino” incəsənət platformasının təsisçisi Əsli Səmədova iştirak ediblər.
Qalib iştirakçılar öz layihələri barədə məlumat verib və Azərbaycanda yaradıcı sənayelərin inkişafı və startap hərəkatının genişlənməsinə dair təkliflərini dıqqətə çatdırıblar.
Anar Kərimov müsabiqə qaliblərini təbrik edib, onlarla yaradıcı sənayelər və startaplara dair fikir mübadiləsi aparıb. Bildirib ki, Mədəniyyət Nazirliyi ölkəmizdə innovativ fəaliyyətin, o cümlədən startapların dəstəklənməsinə böyük önəm verir. Nazirliyin yeni fəaliyyət strategiyasının formalaşdırılmasında bu sahə əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Sonda Anar Kərimov qaliblərə layihələrin icrasında uğurlar arzulayıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin "Kreativ Azərbaycan" portalı Azərbaycanda mədəniyyət və yaradıcılıq sahələrində yeni ideyaları və yanaşmaları dəstəkləmək məqsədilə 10 aprel 2020-ci il tarixində "Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsinə start verib. Layihələrin qəbulu 15 may 2020-ci il tarixinədək davam edib və müsabiqəyə 50-ə yaxın layihə təqdim edilib. Onların arasından ən uğurlu hesab edilən 7 layihə ikinci – 23 avqust 2020-ci il tarixindən etibarən başlayan video-pitçinq mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin qalibləri münsiflər heyətinin səsverməsi əsasında müəyyən olunub və 8 dekabr 2020-ci il tarixində elan edilib.
Layihənin ümumi mükafat fondu 12000 manat təşkil edib.