Prezident İlham Əliyev dekabrın 30-da elm, təhsil, mədəniyyət sahəsində xidmətlərinə, ictimai-siyasi həyatda, diplomatiya və jurnalistika sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxsin "Şərəf" və “Şöhrət” ordenləri ilə təltif olunması haqqında sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Nailə Məmmədəli qızı Vəlixanlı elmin inkişafında böyük xidmətlərinə görə, Kamal Mehdi oğlu Abdullayev elm və təhsilin inkişafında böyük xidmətlərinə görə, Mənsum İsrafil oğlu İbrahimov milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif ediliblər.
Qeyd edək ki, 2020-ci ildə akademik, tarix üzrə elmlər doktoru, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlının 80 yaşı, akademik, Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın 70 yaşı, Xalq artisti, görkəmli xanəndə Mənsum İbrahimovun 60 yaşı tamam olub.
Dövlət başçısının sərəncamları ilə Teymur Əkbər oğlu Əhmədov Azərbaycanda jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə, Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə, Elman Camal oğlu Məmmədov respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə, Tənzilə Yolçu qızı Rüstəmxanlı ölkənin ictimai həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif ediliblər.
2020-ci ildə qocaman jurnalist, filologiya elmləri doktoru Teymur Əhmədovun 90 yaşı, Azərbaycanın Polşadakı səfiri, keçmiş xarici işlər naziri, tarix elmləri doktoru Həsən Həsənovun 80 yaşı, Milli Məclisin deputatı, Xocalı rayonun keçmiş icra başçısı Elman Məmmədovun 70 yaşı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının 60 yaşı tamam olub.