COVİD-19 pandemiyası məhdudiyyətləri ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi mümkün olmasa da, Türkiyədə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü musiqi proqramı ilə qeyd edilib.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un dəstəyi ilə qardaş türkdilli ölkənin tanınmış sənətçilərinin iştirakı ilə reallaşan proqramda Azərbaycan musiqisi səsləndirilib.
Konsertdən sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov ifaçılara xatirə plaketləri təqdim edib.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfərindən ilham alan sənətçilər konserti öz təşəbbüsləri ilə təşkil ediblər. Konsertdə həm ölkəmizdə, həm də Türkiyədə sevilən xalq mahnılarımız və korifey bəstəkarlarımızın unudulmaz əsərləri ifa olunub.