Zaman həyata hər dəfə mübariz, igid oğullar bəxş edir. Bu oğullar qəhrəmanlıqları vətən naminə axıtdığı qanları ilə tarix yazaraq ürəkləri fəth edirlər. Onların həyatı xalqın dilindən düşmür, dastana çevrilir, hər birimizə nümunə və örnək olur. Bu oğullar həyata qəhrəman kimi doğulur, şəhid kimi əbədiyyətə qovuşurlar. Polad Həşimov kimi Vətən sevgisinin hərarəti ilə qəhrəmanlıq tarixi yazan xalqın övladları, mərd oğullarımız, şəhidlərimizdir. Çox təəssüflər olsun ki, biz bu gün general Polad Həşimov haqqında keçmiş zamanda danışırıq...
14 iyul 2020-ci il günü Bakıdan Qəbələyə bir karvan gəlirdi, qəm yüklü – ağır bir karvan. Bu karvanın yolçuları bütöv bir Azərbaycan idi. Qəmli göz yaşları, xalq sevgisinin odu-alovu müşayiət edirdi bu karvanı. Ürəklərin sevgisi ilə karvan yol gəlirdi. Qəbələnin Azərbaycana bəxş etdiyi ləyaqətli, dəyərli, vicdanı və qeyrəti ilə Vətən, xalq sevgisi ilə ürəyi çırpınan Polad Həşimovun ölümü hər birimizi kədərləndirdi. Onun ölümü xalqımızı daha da sıx birləşdirdi, qanı coşub-çağlayan igidlərimizin mübarizə ruhunu daha da alovlandırdı. Nurlu siması onun xoş xasiyyətinin, saf niyyətinin, Vətən, xalq üçün döyünən ürəyinin təzahürü idi. Biz bir xalq olaraq sadə, ləyaqətli, vicdanlı bir el oğlunu itirdik.
Əziz generalımız sənin yerin hər zaman görünəcək. Sən millətimizin qüruru, Vətənimizin ərazi bütövlüyü naminə şəhidlik zirvəsinə ucaldın. Sən ölümünlə həmişəyaşar oldun əziz generalımız. İndi sənin doğum günün də, əbədiyyətə qovuşduğun gün də xalqımız üçün tariximizin unudulmaz səhifəsinə çevrildi.
Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun dünyaya göz açdığı 2 yanvar günü də xalqımızın əbədi tarixində hər zaman şərəflə anılacaq. Hər zaman qəlbimizdə, könlümüzdə, dilimizdə olan generalımız sən əbədiyaşar qəhrəmanımızsan. Sənin həyat hekayən xalqımızın qəhrəmanlıq dastanı, tariximizin ən parlaq səhifələrindən biridir.
İlhamə SEYİDOVA
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi