Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə noyabrın 18-dən dekabrın 29-dək “Qarabağ Azərbaycandır!” adlı onlayn beynəlxalq rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin məqsədi Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq, vətənpərvərlik ruhunu təbliğ etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.

Onlayn platformada 3 yaş qrupu (6-9 yaş; 10-13 yaş; 14-17 yaş) üzrə keçirilən müsabiqəyə respublikamızın şəhər və rayonlarından,  eləcə də Türkiyə, Rusiya, Almaniya, İsrail, Myanmar, Bolqarıstan və Ukraynadan məktəblilər qatılıb.

Müsabiqəyə ümumilikdə 600-ə yaxın rəsm işi təqdim olunub. Münsiflər heyətinin qiymətləndirilməsinə əsasən, 4 nəfər Qran-pri mükafatına, 15 nəfər 1-ci, 15 nəfər 2-ci, 14 nəfər isə 3-cü yerə layiq görülüb. Qalib və fəal iştirakçılar 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin diplom və hədiyyələri ilə təltif olunub.

***

Gənclər və İdman Nazirliyinin 14-29 yaşlı gənc rəssamlar arasında keçirdiyi rəsm müsabiqələrinə də yekun vurulub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, “Azərbaycanın qəhrəmanlıq salnaməsi gənclərin gözü ilə” və “COVİD-19 pandemiyasi ilə bağlı gənclərin rəsm müsabiqəsi”  dekabrın 7-dən 25-dək davam edib.

Hər iki müsabiqəyə ümumilikdə 700-dən çox rəsm təqdim olunub. İşlər Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev tərəfindən qiymətləndirilib.

“Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə” adlı müsabiqədə I yeri Zeynəb Yaqubova, II yeri Babək Abdullayev, III yeri Aynur Yadigarlı tutub.

“COVİD-19 pandemiyasi ilə bağlı gənclərin rəsm müsabiqəsi” mövzusunda müsabiqədə birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq Əsmər Heybətova, Lalə Hüseynova və Rüfət Abbaszadə layiq görülüblər.

Qaliblər pul mükafatları və nazirliyin diplomları ilə təltif olunacaq. Digər maraqlı işlərin müəlliflərinə də Gənclər və İdman Nazirliyi tərəfindən diplomlar təqdim olunacaq. Eyni zamanda seçilmiş işlərin kataloqu və posterləri hazırlanaraq yayımlanacaq.