“Ümumdünya Turizm Təşkilatı bütün ölkələrin məlumatını toplasa, Azərbaycan dövləti turizm sahəsində inkişaf edən ölkələrin siyahısında qabaqcıl yerlərdən birini tutar”.
   Bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir 2007-ci illə müqayisədə 2008-ci ildə ölkəmizə gələn turistlərin sayında xeyli artım müşahidə olunduğunu qeyd edib. Onun sözlərinə görə, dünyadakı maliyyə böhranı ilə əlaqədar turistlərin sayı 15-18 faiz azalıb, lakin buna baxmayaraq, Azərbaycanda turistlərin sayında artım var. Hadisəni sevindirici hal kimi qiymətləndirən nazir bunu Azərbaycanda və əsasən də paytaxtda gedən inkişafla əlaqələndirib.
   Ə.Qarayev 2006-cı ildə Azərbaycana 1193 742 nəfər əcnəbi vətəndaş gəldiyini, həmin əcnəbi vətəndaşların 903 889 nəfərinin turist olduğunu xatırladıb: “2007-ci ildə Azərbaycana gələn 1332701 nəfərdən 110792 nəfəri turist olub. 2008-ci ildə isə Azərbaycana 1 milyon 898 min 939 nəfər qonaq gəlib və onlardan 1milyon 408 min 988 nəfər turist hesab olunur. Bu, 2007-ci ilin rəqəmləri ilə müqayisədə 398 min 196 nəfər çoxdur ki, bu da 39,4 faiz təşkil edir ”.
   Nazir bildirib ki, 2009-cu ilin birinci yarısının nəticələrinə görə demək olar ki, bu il ötən ilə nisbətən ölkəmizə gələn insanların sayı artıb. Belə ki, bu ilin ilk altı ayında Azərbaycana 783 min 208 nəfər gəlib ki, bu da ötən ilin altı ayı ilə müqayisədə 309 nəfər, yəni 0,3 faiz çoxdur. Bu il Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar payızda bir çox tədbirlərin keçiriləcəyini deyən nazir bildirib ki, bu səbəbdən də ötən ilə nisbətən 3-5 faiz artım gözlənilir.
   Ə.Qarayevin sözlərinə görə, bir neçə il əvvəl Azərbaycandan xarici ölkələrə gedən turistlər 70 faiz təşkil edirdi. Bu il isə bu rəqəm 55 faizdir: «Bizim marağımız gələnlərin sayının çox olmasındadır. Çünki bu zaman ölkənin büdcəsinə vəsait daxil olur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci il ərzində Azərbaycanın dövlət büdcəsinə 190 milyon ABŞ dolları vəsait daxil olub. Lakin bu dəqiq rəqəm deyil. Çünki bu rəqəm yalnız mehmanxanalardan götürülüb. Nəzirliyin özünün apardığı hesablamalara görə alınan nəticələr isə başqadır. Nəqliyyatdan, yeməkdən, suvenirlərin alınmasından, ekskursiyalardan gələn gəlirlər də nəzərə alınmaqla, Azərbaycanda bu gün xarici vətəndaşın bir həftəlik istirahəti 700-800 dollara başa gəlir. Bu məbləği il ərzində gələn turistlərin sayına vurduqda təxminən 4 milyard 640 milyon ABŞ dolları təşkil edir».
   

    Fəxriyyə Abdullayeva