Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Vətən müharibəsi şəhidi Ağaəmi Heybətov haqqında məlumat saatı hazırlayıb. Məlumat saatında şəhidin ömür yoluna nəzər salınıb.

Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbi bitirib. Həmçinin qəsəbədəki 4 saylı Uşaq incəsənət məktəbində oxuyub, qarmon ixtisası üzrə diplom alıb. İdmanın müxtəlif növləri ilə də məşğul olub.

2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Turizm və otelçilik” ixtisasına qəbul olub. 2015-ci ildə universiteti bitirərək bakalavr dərəcəsi alıb. Sonra hərbi xidmətə gedib. 2016-ci ildə hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərində iştirak edib. Bu barədə şəhidin ailəsi 4 il sonra şəhid olduqdan sonra xəbər tutub.

Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra Ağaəmi “Veysəloğlu” MMC-də işləməyə başlayıb. Həmçinin Müdafiə Sənayesi Nazirliyini “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC-də çalışıb.

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinin başlanması xəbərini eşidən kimi evdən gizlin orduya yazılıb, könüllü şəkildə cəbhəyə gedib, 2020-ci il oktyabrın 16-da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Yaşadığı Buzovna kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

27 illik ömrünü şəhidlik zirvəsində başa vuran Ağaəmi ürəklərdə əbədi yaşayacaq.