Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 2021-ci il yanvarın 4-də, ömrünün 60-cı ilində vəfat edib.

Nailə Ağabala qızı Mirməmmədli 1961-ci il mayın 23-də Bakı şəhərində anadan olub. Bülbül adına Orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini musiqi müəllimliyi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1994-1997-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında musiqişünaslıq və bəstəkarlıq (Tofiq Quliyevin sinfi) ixtisasları üzrə təhsil alıb.

1994-2004-cü illərdə Bülbül adına Orta ixtisas musiqi məktəbində müəllim, Azərbaycan Televiziyası və Radiosunun Ə.Cavanşirov adına “Bənövşə” uşaq xorunda xormeyster və ansambl rəhbəri vəzifələrində çalışıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi və onun tədrisi kafedrasının baş müəllimi, dosenti olub. 2020-ci ildə Bakı Dövlət Universitetinin Mədəniyyət mərkəzinin direktoru təyin edilmişdi.

Nailə Mirməmmədli xor və orkestr üçün müxtəlif janrlarda əsərlərin (oratoriya, marş), romansların, populyar mahnıların müəllifidir. 30-dan çox xalq və bəstəkar mahnısını xor üçün işləyib, filmlərə musiqi yazıb.

Allah rəhmət eləsin.