Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Zahid Xəlilin adı türk oxucularına yaxşı tanışdır. Türk dünyasında geniş yayılan “Temrin” dərgisi 86-cı sayını bütövlükdə onun yaradıcılığına həsr edib.
2021-ci ilin ilk günlərində isə İstanbulun “Asmaaltı yayın evi” Zahid Xəlilin “Qış nağılı” kitabını oxuculara təqdim edib.
Əsərləri Türkiyə türkcəsinə tanınmış tərcüməçi Əbdülqadir Özqan və gənc şair-tərcüməçi Əbdürrəhim Kiçik çevirib. Kitaba illüstrasiyaları rəssam Şükran Ozqan çəkib.
Yazıçının sözlərinə görə, Türkiyədə nəşr olunan “Qış nağılı” onun üçün ən yaxşı yeni il hədiyyəsidir.
Qeyd edək ki, 2020-сi ildə İstanbulun “Asmaaltı yayın evi” Zahid Xəlilin “Yumru yumaq” kitabını kütləvi tirajla çap edib. Kitaba yazıçının 38 hekayəsi daxil edilib.