Vətən müharibəsinin şanlı şəhid və qazilərinə

 

Vətən sizə can dedi, Vətənə can verdiniz,

Damarları təpimiş torpağa qan verdiniz.

Otuz il otuz yerdən yaraları çatlayan,

Millətə qırx dörd gündə şəfayla şan verdiniz!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Bir çağrışı bəs etdi Ali Baş Komandanın,

Yüz illərə tən oldu – hökmünə bax bir anın!

Vahimədən yağılar pərən-pərən oldular,

Haləsi böyüdükcə çəkdiyiniz hilalın.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Belə cəng, belə savaş yer üzü görməmişdi,

Nə dağı, nə dərəsi, nə düzü görməmişdi...

Bu xalq on min doqquz yüz əlli gecə yaşayıb,

On min doqquz yüz əlli gündüzü görməmişdi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Xan Araz Sizi görcək qəhərlənib ağladı,

Köhlən Xudafərinin şahə qalxdı tağları.

O taydan bir ün qopdu, yer-göy lərzəyə gəldi,

Bu tayda ucalınca sənin zəfər bayrağın!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Azğın düşmənlərinə çoxları çıxdı yiyə,

Avropa diş qıcadı, Asiya getdi küyə...

Ancaq birə-beş artdı gücünüz, qüdrətiniz,

“Hər zaman yanındayız!” - hayqırınca Türkiyə.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Nərənizdən Şuşada qaya qopdu, daş yandı,

O gün qaş qaralmadı, qaralacaq qaş yandı.

DƏMİR YUMRUĞunuzun zərbindən yer titrədi,

Odlu nəfəsinizdən düşmən başa-baş yandı!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Ruhlar səltənətində ucalıqlar sizindi,

Uca başlar sizindi, uca dağlar sizindi.

Başqa yerdə gəzməsin haqqı haqq arayanlar,

Məmləkətdə haqq olan bütün haqlar sizindi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

“Ürəyim parçalansın, üzüm ağ olsun!” - dedi

“Heç nəyimiz olmasın, Qarabağ olsun!” - dedi.

Bundan böyük ibadət görünməyib cahanda -

Şəhid doğan analar: “Vətən sağ olsun!” - dedi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Azərbaycan adını sinənizdən asdınız,

Yeni tarix yaradıb, yeni dastan yazdınız.

Qazi hüzurlarıdır daha səcdə yerimiz,

Şəhid məzarlarıdır ən müqəddəs andımız.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

İbrahim İlyaslı