Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Pirallahı Rayon İcra Hakimiyyəti, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzi və Müşfiqabad qəsəbə Mədəniyyət evinin əməkdaşları yanvarın 4-də Vətən müharibəsi şəhidi baş leytenant Vüsal Sübbuh oğlu Babayevin ailəsini ziyarət ediblər.
Baş leytenant Vüsal Babayev Vətən müharibəsində böyük şücaət göstərərək Füzuli rayonu ərazisində döyüşdə şəhid olub, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailə ilə görüş zamanı cəsur zabitin əziz xatirəsi ehtiramla anılıb, onun adını sevə-sevə qoyduğu balaca qızı Rüqəyyəyə iki yaşının tamam olması münasibətilə hədiyyələr təqdim edilib.
Görüş zamanı ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən igid Vətən oğullarına bir ömür borclu olduğumuz vurğulanıb, dövlətimizin şəhid ailələrinə və onların övladlarına xüsusi diqqət və qayğı göstərdiyi qeyd edilib.
Şəhid Vüsal Babayevin ömür-gün yoldaşı, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Aynur xanım həyat yoldaşının Vətənə bağlılığı, peşəkar hərbçi, artilleriya hissəsinin komandiri olduğu müddətdə əsgərlərinin, hərbçi yoldaşlarının rəğbətini qazanması barədə söz açıb. Qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan gündən ön cəbhədə olan Vüsal oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşməsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Aynur xanım şəhid Vüsal Babayevin xatirəsini əbədiləşdirmək məqsədilə onun şəxsi əşyalarını Azərbaycan İstiqlal Muzeyinə bağışladığını bildirib.
Qısa, lakin şərəfli, ləyaqətli ömür sürmüş Vüsal Babayevin iki körpə qızı – 3 yaşlı Selcan və 2 yaşlı Rüqəyyə yadigar qalıb.
Allah rəhmət eləsin.