İstanbulda nəşr olunan “Təmrin” jurnalının xüsusi nömrəsi XX əsr Azərbaycan poeziyasının həmişəcavan öndərlərindən olan Mikayıl Müşfiqə həsr edilib.

Xüsusi nömrə ümummilli lider Heydər Əliyevin fikirləri ilə açılır: “Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və o dövrdə yaşamış başqa sənətkarlar öz əsərlərində xalqımızın milli azadlıq fikirlərini əks etdirmişlər. Onlar öz əsərləri, elmi fəaliyyətləri ilə Azərbaycan xalqının elm və mədəniyyətinin yüksəlməsinə çalışmış və beləliklə də xalqı gələcəyə, milli azadlığa, müstəqilliyə doğru aparmışlar...”.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şairin 110 illiyi haqqında  sərəncamından (17 may 2018-ci il) bu fikirlər diqqətə çatdırılır: “Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir...”.

Xüsusi nömrədə Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Azərbaycan ədəbi sözünün hər zaman gənc zirvəsi” yazısı, Mikayıl Müşfiq irsinin tədqiqatçısı, mərhum Xalq şairi Gülhüseyn Hüseynoğlunun “Müşfiq ənənələri yaşayır” məqaləsi, şairin xanımı Dilbər Axundzadənin xatirələrindən seçmələr, professor Cavanşir Yusiflinin “Yuxuda yazılan şeirlər”, professor Səfurə Quliyevanın “Müşfiqin tarixə mesajları” və digər məqalələr verilib.  Şairin məktubları, Səlim Babullaoğlu tərəfindən hazırlanan müfəssəl bioqrafiyası, “Yenə o bağ olaydı”, “Gecə düşüncəsi”, “Küləklər”, “Həyat sevgisi”, “Telefon”, “Duyğu yarpaqları” kimi şeirləri, əlyazmalarının faksimilesi, fotomateriallar yer alıb.

Müşfiq haqqında Hüseyn Cavid, Abdulla Şaiq, Rəsul Rza, Mirmehdi Seyidzadə, Mirzə İbrahimov, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Sabit Rəhman, Cabir Novruz, Əkrəm Cəfər, Məmməd Arif, Anar, Bəkir Nəbiyev kimi görkəmli ədib və elm xadimlərinin qısa fikirləri də dərc edilib.

Materialları Türkiyə türkcəsinə Ömər Küçükmehmetoğlu çevirib. AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında hazırlanan nəşrin koordinatoru Bəxtiyar Səlimov, naşiri Şərəf Özsoydur.