Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin.

Prezident İlham Əliyev bu sözləri yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Qarabağın turizm sektorunun inkişaf etdirilməsi üçün görüləcək işlərdən danışarkən deyib.

“İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident deyib: “Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin”.