Bakıda bu mövzuda seminar keçirilib
  
   “Bakı İslam mədəniyyətinin paytaxtı” çərçivəsində sentyabrın 30-da Şirvanşahlar Sarayında “Asiya ölkələrində bəşəri və mədəni irsin istifadəsinin turizmin təbliğində rolu” mövzusunda seminar başlayıb. Seminarda Azərbaycan, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, İndoneziya və Malayziyadan turizm və mədəni irsin qorunması sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
   Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və İSESKO-nun Tehrandakı regional ofisinin təşkilatçılığı ilə keçirilib.
   Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması çərçivəsində bu günə qədər 100-dək tədbirin keçirildiyini bildirib. O, bu seminarın mütəxəssislərin bilik və təcrübələrini artırması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
   İSESKO-nun Tehrandakı regional ofisinin rəhbəri Abbas Sədri isə Azərbaycan paytaxtının İslam mədəniyyətinin paytaxtı çərçivəsində keçirilən tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirib. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin salamlarını çatdıran qonaq, seminarın mədəni irsin qorunmasında layiqli töhfə verəcəyinə əmin olduğunu da söyləyib.
   Bu gün öz işini tamamlayacaq seminarda müxtəlif ölkələrin turizm potensialı və mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə məruzələr dinlənilib. Qonaqlar həmçinin Abşeronun tarixi abidələri ilə tanış olublar.

 Fəxriyyə ABDULLAYEVA