Qusarda təməlqoyma mərasimi keçirilmiş Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin inşasına ümumilikdə 2 milyard avro vəsait xərclənəcəyi nəzərdə tutulur. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Bu məbləğin 25 faizi dövlət, 75 faizi özəl şirkətlərin öhdəsinə düşəcək: “Ümumilikdə Şahdağ Qış-Yay İdman-Turizm Kompleksinin inşasına dövlət tərəfindən bu məbləğin 25 faizi, yəni təxminən 400 milyon manatı ödəniləcək. Bu məbləğə kompleksin ilkin işlərindən əlavə, 300-400 nəfərlik bir mehmanxananın tikintisi daxildir. 5000 nəfər insanı qəbul edəcək kompleks-şəbəkənin isə özəl şirkətlər tərəfindən tikilməsi nəzərdə tutulur. Kompleksin tikintisində Avstriya-İsveçrə birgə şirkətinin layihəsi istifadə olunacaq. Eyni zamanda Türkiyənin Uludağ İstirahət Kompleksinin də iş təcrübəsindən istifadə etməyi düşünürük. Kompleksin qaz şəbəkəsi “Azento” şirkəti, işıq sistemi Azərbaycan Dövlət Enerjisi Şirkətinin Layihə İnstitutu, su və kanalizasiya sistemi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılacaq. Bu şirkətlərin hər biri elan olunmuş tenderdə qalib gəliblər. Kompleks 3-4 il müddətində tikiləcək. Artıq həmin kompleksdə işləmək üçün xüsusi mütəxəssislər hazırlanır. Bu kompleksdə yalnız bu sahənin biliciləri və mütəxəssislər toplanacaq”.
   Ə.Qarayev onu da diqqətə çatdırıb ki, artıq Azərbaycan Turizm İnstitutunda Şahdağ Kompleksində çalışmaq üçün tələbələrin hazırlanmasına start verilib.

 Fəxriyyə ABDULLAYEVA