Mədəniyyət Nazirliyinin nəşri olan Mədəniyyət/Culture” jurnalının 2020-ci il üçün son sayı (noyabr-dekabr) işıq üzü görüb.

Üz qabığı “Zəfər Günü, Qarabağ Azərbaycandır!” şüarı ilə süslənən jurnalda Zəfər Gününün mahiyyəti və Zəfər paradının ehtişamından, 44 günlük Vətən müharibəsindən, bu müharibədə Vətən yolunda canından keçən igidlərimizdən bəhs olunur. O cümlədən mədəniyyət sahəsindən cəbhəyə gedib hərəsi bir dünya olan gənc şəhidlərin hekayələri oxunur, yaddaşlarda yaşaması üçün yazılarda əbədiləşdirilir. Şuşanın azad olunmasında iştirak edən qazilərimiz də unudulmur.

Nəşrin bu nömrəsində mədəniyyət xadimlərimiz təəssüratlarını, düşüncələrini, planlarını bölüşür, Vətən müharibəsinin kino salnaməmizə yazılacaq işlərin konturları cızılır, artıq Şuşa səfərinə hazırlaşan Üzeyir həsrətli eksponatların yolda olan gözü dolur, Qarabağ savaşı rənglərin dili ilə danışır.

Mədəniyyət Nazirliyinin bu günlərdə hadisələrə operativ yanaşması, beynəlxalq təşkilatlara və ictimaiyyətə ünvanlanan məktubları, “Qarabağ - mədəniyyətimizin beşiyi”, “Xristian abidələrimizi tanıyaq” və s. layihələri barədə söz açılır, Nar bayramı və miniatür sənətimizin UNESCO-da “şəxsiyyət vəsiqəsi” alması diqqətə çatdırılır. Təbriz ustalarının miniatür məharətindən bəhs edən məqalə də bu məqamda lap yerinə düşür.

Jurnalın bu nömrəsinin bir neçə səhifəsi həmkar fotoqraflara ayrılıb: fotolarda yaşayacaq 44 günün xronikası hər baxışda yaddaşları təzələyəcək, həmçinin, həmkarlarımızın da fədakarlığının sübutu olacaq. Azərbaycan rəssamlarının Şuşa arzuları növbəti yazıda dil açır. Jurnalın bu sayındakı elmi məqalələrdə də Qarabağ mövzusu, vətənpərvərlik motivləri ən başlıca mövzu kimi önə çıxır.