Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəni paytaxtı elan etməsi bütövlükdə mədəni həyatımız, o cümlədən muğam sənətimiz üçün mühüm hadisədir. Bakı, Sumqayıt, Ağdam, Füzuli, Ağcabədi rayonlarda muğam mərkəzləri var. Dövlət başçısının qeyd etdiyi kimi, gələcəkdə Şuşada və işğaldan azad edilmiş digər rayonlarda muğam mərkəzlərinin açılması Azərbaycan muğam sənətinin inkişafı və təbliğinə əlavə zəmin yaradacaq.

Bu sözləri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov deyib.

O qeyd edib ki, həmişə zəngin mədəni həyatı ilə məşhur olmuş Şuşa milli poeziya və musiqinin beşiyidir. Muğam tədris olunan ilk məktəb (Xarrat Qulunun məktəbi) məhz Şuşada açılıb. “Şuşa muğam sənəti məktəbinin Xan Şuşinski, Zülfi Adıgözəlov, Keçəçi Məhəmməd, Əbülfət Əliyev, Hacı Hüsü, Mir Möhsün Nəvvab, Sadıqcan, Məşədi Məmməd Fərzəliyev, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Məcid Behbudov kimi ustaları qədim muğam sənətimizi daha da məşhurlaşdırıb” – deyə Murad Hüseynov əlavə edib.

M.Hüseynov qeyd edib ki, Vaqif poeziya günlərinin, "Xarı bülbül" festivalının bərpa olunması, Şuşada muğam müsabiqələri və festivallarının keçirilməsi ölkənin mədəni həyatında vacib hadisələr olacaq: “Bu qədim şəhərə dünyanın hər yerindən qonaqlar gələcək. Şuşada yenidən musiqi məktəbləri açılacaq və istedadlı gənclər yetişəcək. Mən torpaqlarımızın erməni işğalından azad edilməsinə görə müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevə dərindən minnətdaram. Azərbaycan torpağının hər qarışı müqəddəsdir, amma Şuşa bizim üçün daha əzizdir. Çünki bu şəhər hər bir azərbaycanlının qəlbi və ruhudur”.