Özbəkistanın Buxara şəhərində formaca qədim tarixi abidəyə bənzədilən mədəniyyət və tarix muzeyinin layihəsi təqdim edilib. Muzey şəhərdə yaradılacaq “Bukhara City” işgüzar mərkəzinin bir hissəsi olacaq.

Dördmərtəbəli bina Şərq memarlığının əsas tikililərindən biri kimi günbəz formasında ucaldılacaq. Şəhər tarixinə dair tarixi əhəmiyyətli eksponatların saxlancına çevriləcək muzey binasının sahəsi təxminən 9 min kvadratmetr nəzərdə tutulur.

Burada həmçinin Buxara tarixini, təbiətini və təsviri sənətini əks etdirən 125 min eksponatdan ibarət 6 ekspozisiyanın yerləşdirilməsi planlaşdırılır. Layihəyə görə, muzeydə həm də konfrans zalı, ehtiyat fond üçün otaqlar, fitobar olacaq.

Türkiyə şirkətinin layihəsini verdiyi binanın ümumi dəyəri 6,9 milyon ABŞ dollarıdır. Binanın inşasına bu il başlanılacaq.

Bütövlükdə “Bukhara City” layihəsi qədim şəhərin beş küçəsində səmərəsiz qalmış 83 hektar ərazidə yerləşəcək. Layihənin ümumi dəyəri isə təxminən 550 milyon ABŞ dollarıdır. Layihə çərçivəsində qədim şəhərdə ilk 32 mərtəbəli göydələn, sərgi salonu və texnoparkın inşası nəzərdə tutulur.   

Yeri gəlmişkən, Buxara şəhəri İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO tərəfindən 2020-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdi.

GÜLCAHAN