Türkiyənin Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru İlqar İmamverdiyev Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) “Elm mükafatı”na layiq görülüb.

İKSAD-ın 2010-cu ildə təsis etdiyi mükafat elmin inkişafına töhfə verən alim və tədqiqatçılara institut elmi şurasının tövsiyəsi və idarə heyətinin qərarı ilə verilir.

Professor İlqar İmamverdiyev bu mükafata ikinci dəfə layiq görülür. O, 2018-ci ildə Qaziantep Universitetinin digər azərbaycanlı professoru, tanınmış musiqişünas, mərhum Babək Qurbanovla (2019-cu ildə vəfat edib) birlikdə musiqi sahəsində apardıqları tədqiqatlara görə bu mükafatı almışdı. Bu dəfə isə “İKSAD Yayınevi”ndə nəşr olunan altıcildlik “Rəqs havaları” atlas-kitabına görə “Elm mükafatı” ilə təltif edilib.

Qeyd edək ki, uzun müddətdir qardaş ölkədə çalışan İlqar İmamverdiyev musiqimizin, o cümlədən saz sənətimizin təbliğində əvəzsiz xidmətləri ilə tanınmış elm adamıdır.

İlqar İmamverdiyev 46 kitabın müəllifidir, uzun illər milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi, görkəmli alim Babək Qurbanovla Qaziantep Universitetində çalışıb və dostluq edib. Babək müəllimin xatirəsini daim uca tutan professor Azərbaycan və Türkiyə mətbuatında onun haqqında məqalələrlə çıxış edib və kitab hazırlayıb.   Sənətşünas, həmçinin 418 saz havasını nota köçürərək bu zəngin irsin yaşadılmasına böyük töhfələr verib.

İlqar İmamverdiyev Türkiyədə musiqi elminin inkişafında səmərəli fəaliyyətinə görə çoxsaylı mükafatlara layiq görülüb. O, həmçinin Türkiyədə “Xalq musiqisinə xidmət” mükafatı ilə təltif olunan ilk xarici ölkə vətəndaşıdır.

Mehparə SULTANOVA