“Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl, barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi mahnıları hansımız sevə-sevə dinləmirik? Dillər əzbəri olan bu əsərlər hər birimizə xalq mahnıları qədər doğmadır. Həmişəyaşar mahnıları, həzin melodiyaları ilə insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.
Yanvarın 10-da anadan olmasının 83-cü ildönümü tamam olan görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti Elza İbrahimova bu xoşbəxtliyi qazanmış sənətkarlardandır. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.
Unudulmaz bəstəkarın zəngin yaradıcılığı əlli ildən artıq bir dövrü əhatə edir. Onun musiqinin müxtəlif janrlarında yazdığı əsərlər arasında fortepiano üçün prelüd və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skerso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Peşəkar musiqiçinin ürəyini qoyduğu bütün bu əsərlər dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnir.
“Afət” (Hüseyn Cavidin eyniadlı pyesi əsasında), Qarabağ faciəsini əks etdirən muğam üzərində yazılmış “Yanan laylalar” (libretto müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir. Milli Qəhrəmanlar Təbriz Xəlilbəyli və Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri dinləyici yaralarına bir məlhəmdir.
Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov, Murad Kajlayev, Qara Qarayev, Niyazi kimi dünya şöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.
Bəstəkarın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı olan “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Özü də bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.
Musiqi mədəniyyətimizdə mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb. Onun mahnıları ən ülvi hisslərin – vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Bu əsərlərdə Azərbaycan və Qərb musiqisinin uğurlu sintezi var. Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub.
Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə onlarla mahnı yazmış Elza İbrahimovanın bəstələri emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə və sevməyə sövq edir. Onun hər bir əsəri dinləyicini fərqli duyğular aləminə aparır. Bütün bu keyfiyyətlər Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb. Musiqi üçün seçdiyi şeirlərin dolğun məzmunu isə bəstəkarın yüksək bədii zövqünü təsdiqləyir. Təsadüfi deyil ki, Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığını “mahnı janrında lövhə ustası” kimi xarakterizə edib.
Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib, dövlətin yüksək fəxri adlarına layiq görülüb.
Bu gün istər yerli, istərsə də xarici televiziya və radio kanallarında müxtəlif musiqilər səsləndirilir, hətta bəzən məzmun və janr “bolluğundan” insan çaşbaş qalır. Lakin Elza İbrahimovanın musiqisi səslənəndə insan sanki ayılır, əsl sənətin əbədiyaşarlığını bir daha dərk edir. Əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı cərəyanlar yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək.