Qazaxıstanda Qarabağ münaqişəsinin tarixi, səbəbləri, gedişi və nəticələri barədə bəhs edən “Qarabağ – geri dönən xoşbəxtliyim” adlı sənədli film çəkilib. Bu, qazaxıstanlı rejissorlar tərəfindən bu mövzuda çəkilən ilk belə əhatəli sənədli filmdir.
Qazax və rus dillərində təqdim edilən ekran işinin süjet xətti öz ardıcıllığı və dinamikası ilə seçilir, münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dolğun məlumatlarla zəngindir. Filmdə Qarabağın azadlığının rəmzi olan “Xarı bülbül” çiçəyi haqda da məlumat verilir.
Qazaxıstanlı jurnalist Almas Altayın müəllifi olduğu film qazaxıstanlı yerli politoloqlar, jurnalist və bloqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərini ziyarətləri zamanı çəkilən, Qarabağ müharibəsinin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında lentə alınıb.
Qeyd edək ki, 10 nəfərlik nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunub.
Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində təqdimatı keçirilən film yaxın günlərdə Azərbaycanın CBC televiziya kanalı ilə yayımlanacaq.