“Azanfilm” animasiya studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” qısametrajlı animasiya filmi Tayvanda keçiriləcək film festivalının (12th Hsin-Yi Children’s Animation Awards) proqramına daxil edilib. Festivalın 16-24 yanvar 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Xalq yazıçısı Elçin, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.
İstedadlı rəssam Məryəm Ələkbərlinin fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinə çəkdiyi tabloların təsviri animasiya hissələrinin tərkibində verilib. Rəssamın “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının 3D animasiya təsviri sintezi yeni bir stilistika ərsəyə gətirib.
Qeyd edək ki, “Mənim balaca şahzadəm” animasiya filmi indiyədək Türkiyədə, Banqladeşdə, Pakistanda, Rusiyada keçirilən festivallarda, həmçinin Bakıda I Animafilm festivalında iştirak edib. Film Cənubi Koreyada keçirilən 8-ci “Seoul Guro İnternational Kids” festivalında “Parlaq gələcək” (“Bright future”) nominasiyasında qalib olub.