Sentyabrın 29-da “Qafqaz Point” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 27 sentyabr - Beynəlxalq Turizm Günü münasibətilə Azərbaycanda fəaliyyət göstərən bir sıra mehmanxana və turizm şirkətləri diplomlarla mükafatlandırılıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva turizm sahəsinə göstərilən dövlət qayğısından, bu sahədə əldə edilmiş uğurlardan danışıb. Sonra S.Məmmədəliyeva nazirlik tərəfindən hazırlanan diplomları sahiblərinə təqdim edib. Beləliklə, «Şəki sarayı» və «Daşvənd» mehmanxanaları, «Xəzər travel», «Qranid az» turizm şirkətləri, Quba Turizm İnformasiya Mərkəzi, Yunanıstan səfirliyi və Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşı, təcrübəli bələdçi Balaş Maqsudov diplomla təltif ediliblər.
Tədbir Azərbaycanın turizm potensialını və 2009-cu ildə bu sahədə həyata keçirilən layihələri əks etdirən videoçarxın nümayişi ilə başa çatıb.